Kadles imza atdı
«Fənərbağça» uzun müddətdi məşğul olduğu sol kənar müdafiəçisi transferini başa çatdırıb. İdman.com.az saytı xəbər verir ki, komanda Bundesliqa təmsilçilərindən Leverkuzen «Bayer»inin çex müdafiəçisi Mixal Kadlesi heyətinə qatıb. Kadles, tibbi müayinədən keçdikdən sonra özünü 3 illiyinə «Fənərbağça»lı edən müqaviləni imzalayıb.

«Fənərbağça» çex futbolçu üçün klubu «Bayer»ə 4 milyon 500 min avro ödəyərkən, 28 yaşlı oyunçu da illik 2 milyon 100 min avro sabit maaş və hər oyuna görə 10 min avro alacaq. Beləliklə, «Fənər» bu transfer dövründəki 3-cü transferini reallaşdırmış oldu. Klub daha əvvəl «Eskişehirspor»dan Alper Potuk və «Zenit»dən Bruno Alvesi almışdı.

Kadles indi yeni komandasında 24 nömrəli formanı geyinəcək: «Bayerdə də 24 nömrəli formanı geyinirdim. Burada da komanda yoldaşlarımdan bu nömrəni geyəcəyimi öyrəndim. Çox böyük bir klubdu. Bura gəlməzdən əvvəl yoldaşlarımla danışdım. Mənə təklif gəldiyini eşidincə yoldaşlarım «dərhal get» dedilər. Burada olmaqdan çox xoşbəxtəm. Çox yaxşı işlər görəcəyimizə inanıram. Ömer Toprak, Tomas Sivok və Tomas Uyfaluşi ilə də danışmışdım və onlar da mənə «get» dedilər. Böyük bir kluba gəldiyimi bilirəm».

Müdafiənin solunda və stoper mövqelərində yer alacağını bildiyini deyən çex futbolçu bildirib: «Ara sıra stoper olaraq da oynayıram. Ancaq daha çox sol qanadda özümü göstərə bilirəm. Burada əlimdən gəldiyi qədər mübarizə aparacam».

Kadles Türkiyə Superliqasını yaxından təqib etdiyini də dilə gətirərək, deyib: «Türkiyə Superliqasını mümkün qədər izləməyə çalışdım. «Fənərbağça»nın xüsusilə də «Viktortiya Plzen»lə matçını izlədim. «Fənərbağça» Avropada da çox yaxşı oynayır. Yarımfinalda ələnsə də, böyük bir uğur əldə etdi. Komanda olaraq da oynamağı sevən bir klubdur».

«Fənər»də hədəflərindən də bəhs edən Kadles «Komandamız ötən mövsüm Superliqanı ikinci sırada tamamladı, ancaq builki hədəfimiz çempion olmaqdı. Bununla yanaşı, Avropada da uğur qazanmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm» deyib.

Xəbər 1176 dəfə oxundu.