Balaxanı qəsəbəsində yeni idman mərkəzi istifadəyə verildi
İyunun 1-də Balaxanı qəsəbəsində yeni idman mərkəzinin açılış mərasimi olub. Rəmzi qırmızı lenti Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov kəsiblər.
Nazir müavini İ.İsmayılov ölkəmizdə idmana göstərilən diqqətdən danışıb, respublikada yeni Olimpiya idman komplekslərinin inşasının davam etdiyini və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyini bildirib. Bu cür idman mərkəzlərinin olması məktəblilərin bədən-tərbiyəsi və idmanla mütəmadi məşğul olmasına və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına xidmət edir. Ölkəmizdə idmanın kütləviliyinin artmasında bu cür mərkəzlər xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin nəticəsidir ki, ötən il idmançılarımız müxtəlif yarışlarda 675 medal qazanıblar. Nazir müavini əmin olduğunu bildirib ki, məhz bu mərkəzdə dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edən idmançılar yetişəcək.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev yeni idman mərkəzinin açılması münasibətilə balaxanlıları təbrik edib və gənclərin idmanla məşğul olması üçün inşa olunan qurğunun əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, ölkə başçısının Bakı və Bakıətrafı kənd və qəsəbələrə göstərdiyi qayğının nəticəsidir ki, biz bu gün yeni inşa olunmuş idman qurğusunun açılışına toplaşmışıq. Bu mərkəz artıq Sabunçu rayonunda üçüncü idman qurğusudur. İlk olaraq Maştağa Olimpiya İdman Kompleksi, sonar isə Pirşağı-Kürdəxanı idman mərkəzi istifadəyə verilib. Belə mərkəzlərin tikintisi rayonun digər qəsəbələrində də nəzərdə tutulub.
Qeyd edək ki, idman zalı “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı”na əsasən inşa edilib. 2007-ci ilin yanvarından tikintisinə başlanılan zal üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 0,48 hektar torpaq sahəsi ayrılıb. Zalın tikili sahəsi 1584, ümumi tikinti sahəsi 1728 kvadratmetrdir.
İkimərtəbəli idman mərkəzi binasının ümumi ölçüsü 54m x 30m-dir. Zalın birinci mərtəbəsində 42x30 ölçüdə universal idman zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, həkim otağı, 2 ədəd sanitar qovşağı vardır. İkinci mərtəbə isə inzibati və texniki otaqlar yerləşir.
Mərkəzin ayrıca olaraq, 100 m3 tutumlu içməli su, 100 m3 yanğın su anbarı, transformator yarımstansiyası, Nasosxana binası var.

Xəbər 7064 dəfə oxundu.