Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
04/06 | 21:42 “Neftçi” klubu yoxlama oyunu keçirəcək
04/06 | 21:13 FIFA Rusiya klubuna transfer qadağası qoyub
04/06 | 20:49 Virtual Formula 2 Azərbaycan Qran-Prisinin iştirakçıları müəyyənləşib
04/06 | 20:14 İdman gimnastikası üzrə Avropa çempionatının ev sahibliyi Azərbaycana həvalə olunub
04/06 | 20:05 “Sabah” klubu iki futbolçu ilə müqavilə imzalayıb
04/06 | 19:03 Təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku üçün yeni tarix müəyyənləşib
04/06 | 18:54 “Pekin-2022”nin iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək
04/06 | 18:50 MOK Mətbuat Günü münasibətilə yazı müsabiqəsi elan edir
04/06 | 17:23 Çinin Hançjou şəhərində Asiya Oyunları üçün yeraltı kompleks tikilir
04/06 | 17:02 “Mançester Siti” və “Real Madrid” klublarının tanınmış futbolçuları Azərbaycan Qran-Prisində güclərini sınayacaqlar
04/06 | 16:16 Formula 1 Meksika Qran-Prisi vaxtında keçiriləcək
04/06 | 15:13 “Mançester Siti” klubu “Milan”ın əlcəzairli futbolçusu transfer etmək istəyir
04/06 | 15:00 “Neftçi Esports” E Milli Liqaya qələbə ilə başlayıb
04/06 | 14:46 Futbol üzrə Macarıstan kubokunun sahibi müəyyənləşib
04/06 | 14:05 Volf mövsümün sonunda Sebastyan Fettellə razılığa gələcəklərini istisna etməyib
04/06 | 13:53 Milli Basketbol Assosiasiyası mövsümün bərpa olunacağını elan edib
04/06 | 13:31 Futbol üzrə Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib
04/06 | 12:49 Bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyi tarix müəyyənləşib
04/06 | 12:27 Danilo Petruççi cari ilin sonunda “Ducati”dən ayrılacaq
04/06 | 11:30 Dünya və Avropa çempionumuz koronavirusa yoluxub
04/06 | 10:00 “Tokio 2020” sadələşdirilmiş variantda keçirilə bilər
03/06 | 22:28 Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub
03/06 | 21:50 “Qəbələ” klubu Gənclər Liqasının beşqat qalibi olub
03/06 | 19:41 Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək
03/06 | 19:27 SSKA-nın kapitanı “Milan”a üz tutub
03/06 | 19:00 “Qarabağ” “Sabah”la yoxlama oyunu keçirəcək
03/06 | 18:44 Tokioda Olimpiada və Paralimpiadanın açılış və bağlanış mərasimləri birgə keçirilməyəcək
03/06 | 18:36 Bakıda Karate1 Premyer Liqa turnirinin birinci mərhələsi təşkil edilə bilər
03/06 | 17:49 Atletika üzrə Azərbaycan millisi məşqləri bərpa edib
03/06 | 17:30 Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə icazə veriləcək
03/06 | 17:24 Basketbol üzrə Avroliqa titullu sponsorunu itirib
03/06 | 17:00 “Sabah klubu paraqvaylı hücumçusu ilə yeni müqavilə bağlayıb
03/06 | 16:14 Formula 1 rəhbərliyi komandalardan gigiyena qaydalarına əməl olunmasını tələb edib
03/06 | 15:53 Azərbaycan Milli Paralimpiya Komitəsinin videokonfrans formatında ümumi yığıncağı keçirilib
03/06 | 15:41 Muay-tay Birinci MDB Oyunlarının proqramına daxil edilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
MOK İcraiyyə Komitəsinin 2006-cı ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi
Tarix: 26.12.2006 | Saat: 16:23:00 | E-mail | Çapa göndər
- Əziz dostlar!
- Hörmətli xanımlar və cənablar!
- Əziz idmançılar!
İlk növbədə, bu gözəl hədiyyələrə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bu hədiyyələr mənim üçün çox əzizdir. Çünki onlar bizim idman ictimaiyyətinin gördüyü işləri əks etdirir. Həm fotoşəkil, eyni zamanda, Milli Paralimpiya Komitəsinin hədiyyələri, idmançıların, hərbçilərin hədiyyələri bir daha onu göstərir ki, Azərbaycanda idman çox sürətlə və hərtərəfli inkişaf edir. İdmanın bütün növləri inkişaf edir, eyni zamanda, idman cəmiyyətləri, müxtəlif qurumlar, federasiyalar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi həmişə olduğu kimi, 2006-cı ildə də bir komanda şəklində fəaliyyət göstərmişlər. Bu, Azərbaycanda son illər ərzində idman sahəsində əldə edilən uğurların əsas amili, əsas səbəbidir. Azərbaycanda bütün aidiyyəti orqanlar səmərəli işləyirlər, bir-biri ilə daim əlaqədədirlər. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın idman potensialı möhkəmlənsin, maddi-texniki baza güclənsin və idmançıların beynəlxalq yarışlarda uğurlu çıxışları təmin edilsin.
Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin sonunda bu görüşlər keçirilir, məsələlər müzakirə olunur. Artıq qeyd edildi ki, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin toplantısında hesabat-məlumat dinlənilmişdir. Yəni bu gün buna bir daha qayıtmağa ehtiyac yoxdur. Hər ilin sonunda idmançıları mükafatlandırırıq, idman xadimlərinin fəaliyyətini qiymətləndiririk və bütövlükdə, idman ilinə yekun vururuq. Deyə bilərəm ki, 2006-cı il bu baxımdan uğurlu olmuşdur. Azərbaycanın bütün sahələrindəki kimi, idman sahəsində də sevindirici anlar çox olmuşdur. İlk növbədə, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışı bizi çox sevindiribdir. 287 medalın qazanılması çox böyük nəticədir. Nəzərə alaq ki, bu gözəl ənənə uzun illərdir yaşayır, Azərbaycanın idman potensialı möhkəmlənir, yeni gənc nəsil yetişir, yeniyetmələr artıq öz imkanlarını gücləndirirlər. 10 il bundan əvvəl uşaq idmanında məşğul olanlar bu gün artıq Azərbaycanın milli komandalarını beynəlxalq yarışlarda təmsil edirlər. Bu, çox önəmlidir. Çünki gənc nəslin idmanla məşğul olması hər bir ölkənin idman potensialının möhkəmlənməsi deməkdir. Biz çox şadıq ki, Azərbaycanda idmana maraq artmaqdadır. Yəni maraq nəinki azalmır, hətta artır. Çünki Azərbaycanda idmançı olmaq çox şərəfli bir işdir. İdman şöhrətinin qaldırılması, idmançılara olan qayğı və onların cəmiyyətdəki rolu, əlbəttə, uşaqları da idmanla məşğul olmağa sövq edir. Bu, çox vacib bir amildir.
Digər tərəfdən, əlbəttə, müasir idman infrastrukturunun yaradılması. Əgər bunlar olmasa, idmanı inkişaf etdirmək mümkün olmayacaqdır. Yəni bu müxtəlif amillər birləşəndə, hər bir ölkədə idman uğurları da müşahidə olunur və Azərbaycanda bunlar var.
Qeyd etdiyim kimi, bütün idman qurumları bir məqsədə qulluq edir. İdmanın maddi-texniki bazası möhkəmlənir. Bildiyiniz kimi, Azərbaycanda indi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Ancaq hamımız yaxşı bilirik ki, regionlarda yeni müasir qurğuların tikilməsi məhz idman obyektlərindən başlanmışdır. 2000-ci ildə biz bu təşəbbüslə çıxış etdik və ondan sonra Azərbaycanın müxtəlif bölgələrində çox müasir, gözəl idman kompleksləri tikilibdir. Bu tikintilər davam edir, indi 10 rayonda yeni idman kompleksləri tikilir və əlbəttə ki, tam dünya standartlarına cavab verəcəkdir.
Mingəçevir avarçəkmə bazasında, nəhayət ki, işlər başlanır və 2007-ci ildə bazanın tamamilə yenidən qurulması nəzərdə tutulur. Bu, beynəlxalq səviyyəli bir baza olacaqdır. İdman qurğularının tikintisi, əlbəttə, idmançılar üçün də böyük dəstəkdir və gənc nəslin yetişməsi üçün vacib məsələdir. Bu, bir tərəfdən. Digər tərəfdən, təlim-məşq toplanışlarının vaxtlı-vaxtında keçirilməsi, peşəkarlıq səviyyəsinin qaldırılması, gündəlik həyatda idmançılara olan münasibət, idman cəmiyyətlərinin möhkəmlənməsi - bütün bu amillər Azərbaycanda idmanın inkişafına xidmət edir.
Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır. İndi dünyada idmana yeni prizmadan yanaşırlar, xüsusilə Olimpiya Hərəkatına. Ölkələr olimpiya oyunlarında öz aralarında mübarizə aparırlar. Bəlkə də bu - olimpiya oyunları, Olimpiya Hərəkatı yeganə geniş sülhməramlı mübarizə formatıdır. Azərbaycan da Olimpiya Hərəkatında çox fəal bir ölkədir. Bizim səylərimiz, təşəbbüslərimiz və əldə etdiyimiz nailiyyətlər beynəlxalq və Avropa olimpiya komitələri tərəfindən daim qeyd olunur. Bölgədə idmanın inkişafı üçün Azərbaycanın rolu da artıq hamı üçün bəllidir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışlar beynəlxalq idman aləminin ölkəmizə olan münasibətinin əlamətidir. Bu bir daha göstərir ki, biz ən böyük, ən geniş beynəlxalq idman yarışlarının keçirilməsində çox səriştəliyik. Əlbəttə, bu ona gətirib çıxarır ki, növbəti idman yarışları da Azərbaycanda keçirilir.
Məsələn, 2007-ci il bu baxımdan çox əhəmiyyətli olacaqdır. Güləşin bütün növləri üzrə dünya çempionatı Azərbaycanda keçiriləcəkdir. Eyni zamanda, bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu çempionatın keçirilməsinin tarixi də çox maraqlıdır. Çünki əvvəl çempionatın başqa ölkədə keçirilməsi nəzərdə tutulmuşdu. Amma sonra müəyyən səbəblərə görə bu, baş tutmadı və Beynəlxalq Bədii Gimnastika Federasiyası Azərbaycandan xahiş etdi ki, çempionata ev sahibliyi etsin. Nəzərə alınıb ki, ölkəmizdə dünya çempionatı ən yüksək səviyyədə keçirilmişdir. Bu məqsədlə, yəni bu iki çempionatı yüksək səviyyədə keçirmək üçün indi Heydər Əliyev adına İdman-Konsert Kompleksində böyük yenidənqurma, bərpa işləri görülür. Bildiyiniz kimi, bir müddət bundan əvvəl orada təmir işləri aparılmışdı. İndiki təmir işləri bu gözəl idman obyektini ən yüksək dünya səviyyəsinə çatdıracaqdır.
2007-ci il Pekin Yay Olimpiya oyunlarına hazırlıq baxımından da çox böyük əhəmiyyət kəsb edir. Demək olar, həlledici il olacaqdır. Əminəm ki, 2007-ci ildə bizim idmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklər. Ondan sonra yəqin lisenziya turnirləri başlanacaq və maksimum çalışmalıyıq ki, lisenziyaları əldə edək. 2008-ci ildə keçiriləcək Yay Olimpiya oyunları da yəqin ki, daha da gərgin olacaqdır. Çünki dünyada rəqabət artır. Artıq müxtəlif ölkələrdə, hətta böyük idman ənənələri olmayan ölkələrdə idmana böyük diqqət göstərilir və idman ölkələrin ictimai həyatında mühüm amilə çevrilir. Yəni biz bilirik ki, rəqabət çox güclü olacaqdır. Ona görə gərək müxtəlif idman növlərində yaxşı hazırlaşaq. 2007-ci ildə, ilin sonuna qədər təxminən bilməliyik ki, biz olimpiya oyunlarında hansı heyətlə iştirak edəcəyik. Müstəqil Azərbaycanın olimpiya oyunlarında - həm Sidney, həm də Afina Olimpiya oyunlarında, iştirakı çox uğurlu olmuşdur. Əminəm ki, bu gözəl ənənələr davam edəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
2006-cı il, eyni zamanda, ona görə yadda qalacaq ki, Azərbaycan bizim üçün çox yeni, bəlkə də, bəzilərini təəccübləndirən təşəbbüslə çıxış etmişdir: 2016-cı ildə Yay Olimpiya oyunları Azərbaycanda keçirilsin. Biz bu təşəbbüsü irəli sürəndə, əlbəttə ki, imkanlarımızı qiymətləndirmişdik. Mən hesab edirəm ki, Azərbaycan olimpiya oyunları keçirmək üçün bütün imkanlara malikdir. 2016-cı ildə Yay Olimpiya oyunlarının harada keçiriləcəyi hələ ki, bəlli deyil, müxtəlif ölkələr öz namizədliklərini irəli sürmüşdür, o cümlədən Azərbaycan. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycanda idman hərəkatına, Olimpiya Hərəkatına və bütövlükdə idmanın inkişafına həqiqətən çox böyük diqqət göstərilir və təsadüfi deyil ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Digər tərəfdən, bütövlükdə, müstəqil Azərbaycanın qüdrətini, imkanlarını, potensialını göstərir.
Olimpiya oyunları keçirmək asan məsələ deyil. Əgər biz belə bir təşəbbüslə çıxış etmişiksə, deməli, özümüzə güvənirik, öz imkanlarımıza güvənirik. Əminəm ki, əgər bu böyük şərəf Azərbaycana verilərsə, biz Olimpiya oyunlarını ən yüksək səviyyədə keçirəcəyik.
Mən xatırlayıram, haradasa, 5-6 il bundan əvvəl müsahibələrin birində jurnalist sual vermişdi ki, indi Azərbaycanda böyük uğurlar var, Azərbaycanda Olimpiya Oyunları keçirilə bilərmi? Sözün düzü, o vaxt mən bu suala cavab vermədim. Çünki hesab edirdim, biz hələ buna hazır deyilik. Amma bu gün mən əminəm ki, biz buna hazırıq. Nəzərə alsaq ki, 2016-cı il on ildən sonra gələcək, əlbəttə, o vaxta qədər Azərbaycanda oyunları ən yüksək səviyyədə keçirmək mümkün olacaqdır. Biz nəyə görə belə əminik?! Ona görə ki, ölkəmizin imkanları artır, iqtisadi potensial artır, beynəlxalq mövqelər möhkəmlənir, Azərbaycan regional çərçivədə lider dövlətdir və bizim gələcəyimiz də çox parlaq olacaqdır. Bilirik ki, bizi nələr gözləyir. Bilirik ki, imkanlarımız nəyə çatacaq. Ona görə mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, biz belə bir müraciəti edək. Nəzərə alsaq ki, Azərbaycan belə müraciətlə ilk dəfə çıxış edir, ola bilsin, biz bu işdə uğur qazana bilməyək. Əgər 2016-cı ildə bu oyunların keçirilməsi başqa ölkəyə, başqa şəhərə həvalə olunarsa, ondan sonra 2020-ci il gəlir. Mən şübhə etmirəm ki, bizim belə təşəbbüsümüz və bu işə sədaqətimiz uğura gətirib çıxaracaqdır.
Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır və idman ictimai həyatın çox böyük hissəsidir, böyük amilidir. İdman həm ölkənin nüfuzu, ölkənin imici deməkdir, həm də gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi deməkdir, fiziki sağlamlıq deməkdir. Fiziki cəhətdən sağlam insanlar mənəvi cəhətdən də sağlam olurlar. Yəni hər bir ölkənin inkişafı üçün idmanın çox böyük əhəmiyyəti var. Biz bunu Azərbaycanda çox yaxşı bilirik və uzun illər idmana, idmançılara göstərilən münasibət bunun ən yaxşı nümunəsidir. İdmançılar gərək yaxşı təmin edilsinlər, onların idmanla məşğul olmaları üçün şərait yaxşı olmalıdır, məişət problemləri də həll edilməlidir. Elə etməliyik ki, onları məişət problemləri düşündürməsin, yalnız və yalnız məşqlərlə məşğul olsunlar, öz peşəkarlığını artırsınlar və doğma Vətənimizin bayrağını beynəlxalq yarışlarda daim uca tutsunlar. Biz hər dəfə bunu görəndə, beynəlxalq yarışlarda Azərbaycanın nümayəndələrinin uğurlarını görəndə hər bir vətənpərvər insan, hər bir vətəndaş haqlı olaraq qürur hissi keçirir. Bu sevinci xalqa bəxş etdiyi üçün mən bütün idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə öz minnətdarlığımı bildirmək istəyirəm.
Gələn il, 2007-ci il mənim üçün də çox əlamətdar olacaqdır. Çünki mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə 1997-ci ildə seçilmişəm və artıq bunun on ili olacaqdır. Bu on il də böyük tarixi bir dövrdür. Hesab edirəm ki, bu on ildə Azərbaycan idmanının şöhrəti yüksəklərə qalxmışdır. Bizim bütün planlarımız həyatda öz əksini tapdı və gələcək planlarımız da öz əksini tapacaqdır. Çünki artıq bunu deməyə bizim tariximiz imkan verir, verilən bütün vədlərin həyatda öz əksini tapması imkan verir.
Mən həmişə idmançılarla görüşəndə çox şad oluram, onları görürəm, bütün idmançıların nailiyyətləri ilə maraqlanıram. Düzdür, əvvəlki illərdən fərqli olaraq, indi bəlkə də buna o qədər vaxt sərf edə bilmirəm. Ona görə bəzi hallarda siyahılarda mənim üçün tanış olmayan adları görəndə deyirəm ki, bu, kimdir, mən bunu niyə tanımıram. Çünki mən bütün idmançıları şəxsən tanıyırdım və tanımaq istəyirəm. Onların imkanlarını da bilirəm. Artıq son müddət ərzində görəndə ki, siyahılara yeni, tanış olmayan adlar daxil olur, bir tərəfdən, təəssüf edirəm ki, onlarla görüşməyə vaxtım olmayıbdır, digər tərəfdən isə sevinirəm, gənc nəsil yetişir. Deməli, gənclər artıq böyük uğurlara nail olurlar. Beləliklə, Azərbaycanın idmanı yaşayacaq, davam edəcəkdir. Beləliklə, Azərbaycan xalqı yaşayacaq, inkişaf edəcəkdir. Çünki idmançılar xalqın nümayəndələridir. Onlar imkanlarını, bəzi hallarda sağlamlığını beynəlxalq yarışlarda Azərbaycanın üçrəngli bayrağının qaldırılmasına həsr edirlər. Ona görə onların əməyi yüksək səviyyədə qiymətləndirilməlidir.
Mən fürsətdən istifadə edib, sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi günü, Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək və 2007-ci ildə hamınıza uğurlar, cansağlığı arzulamaq istəyirəm.
Sağ olun!

26 dekabr 2006-cı il
Xəbər 1768 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.12.2018 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13.12.2018 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
29.09.2017 Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
24.12.2016 Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib (YENİLƏNİB)
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru