Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
11/04 | 15:48 Azərbaycanın cüdo millisi Çexiyada beynəlxalq toplanışı başa vurub
11/04 | 14:36 Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Prezidenti İlham Əliyev Prezident sarayında respublika Milli Olimpiya Komitəsinin 15 illik yubileyində iştirak edən bir sıra ölkələrin milli olimpiya komitələrinin və idman federasiyalarının rəhbərlərini və nümayəndələrini qəbul etmişdir
Tarix: 26.10.2007 | Saat: 12:24:00 | E-mail | Çapa göndər
Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Prezident sarayında respublika Milli Olimpiya Komitəsinin 15 illik yubileyində iştirak edən bir sıra ölkələrin milli olimpiya komitələrinin və idman federasiyalarının rəhbərlərini və nümayəndələrini qəbul etmişdir.
Prezident İlham Əliyev qonaqlara müraciətlə dedi:
- Mən qonaqlarımızın hamısını Azərbaycanda salamlayıram. Çox şadam ki, bizim dəvətimizi qəbul etmisiniz və yubiley tədbirində iştirak edirsiniz.
Olimpiya Komitəsinin 15 illiyi - ölkəmizin həyatında çox mühüm hadisədir. Olimpiya Komitəsinin yaşı təxminən bizim müstəqil dövlətimizin yaşı qədərdir. Çox şadıq ki, bu illər ərzində həm bizim beynəlxalq əlaqələrimiz möhkəmlənmişdir, həm də Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı çox sürətlə gedir.
Azərbaycanla sizin təmsil etdiyiniz ölkələr arasında çox yaxşı münasibətlər yaranmışdır, o cümlədən idmanın, Olimpiya Hərəkatının inkişafı sahəsində yaxşı əlaqələr qurulmuşdur. Biz müxtəlif tədbirlərdə vaxtaşırı görüşürük. Bakı artıq iri beynəlxalq idman yarışlarının keçirildiyi şəhərə çevrilməkdədir. Bu da, əlbəttə, idmanın, Olimpiya Hərəkatının və ümumiyyətlə ölkələrimiz arasında, idmançılar arasında, idmanın inkişafında iştirak edən bütün insanlar arasında münasibətlərin inkişafına kömək edir. Ümidvaram ki, Bakıya səfəriniz sizin üçün xoş olacaqdır. Əminəm ki, yaxşı proqram tərtib edilmişdir ki, siz bizim idman obyektləri və şəhərimizlə tanış ola biləsiniz. Təəssüf ki, sizin başqa şəhərlərə getməyə imkanınız olmayacaqdır, indi biz həmin şəhərlərdə çoxlu idman obyektləri tikmişik. Son vaxtlarda 13 iri olimpiya idman kompleksi tikilmişdir və belə komplekslər hələ çox tikiləcəkdir. Lakin Bakıda da sizin üçün kifayət qədər maraqlı olacaqdır. Bir daha xoş gəlmisiniz. Sizə ən xoş arzularımı bildirir, uğurlar diləyirəm. Arzum budur ki, bizim şəhərdə olmağınız yadınızda qalsın. Mənə belə gəlir ki, sizlərdən bəziləri Bakıya ilk dəfə gəlmişdir, bəziləri isə burada dəfələrlə olmuşdur. Lakin şəhər dəyişir, ona görə də hətta əvvəllər burada olanlar da indi nə isə yeniliklər görəcəklər. Bir daha xoş gəlmisiniz.
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Pyotr Nurovski bildirdi ki, Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi idman sahəsində əlaqələrin inkişafına da təsir göstərir. O dedi:
- Hörmətli cənab prezident!
Əvvələn, dəvət üçün çox sağ olun. Azərbaycan Olimpiya Komitəsinin 15 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək böyük şərəfdir. Polşa Olimpiya Komitəsi adından Sizi bu əlamətdar yubiley münasibətilə təbrik etmək istəyirəm. Biz çox şadıq ki, Azərbaycanda idman, ilk növbədə, olimpiya idmanı dinamik inkişaf edir. Sizə gələcəkdə, birinci növbədə, Pekində keçiriləcək Olimpiya oyunlarında böyük uğurlar arzulayırıq.
Mən Bakıya ilk dəfədir ki, gəlmişəm və ölkənizin paytaxtında tikinti işlərinin miqyası, ən əvvəl, gözəl idman kompleksi mənə çox güclü təsir bağışlamışdır. Bizim səfərimizdən və yubileyinizdən xatirə kimi Sizə Polşa Olimpiya Komitəsindən rəmzi hədiyyələr vermək istəyirəm.
Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti Vladimir Vasin Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları prezident İlham Əliyevin ölkədə Olimpiya Hərəkatına böyük diqqət ayırması ilə əlaqələndirdi. O dedi:
- Əvvələn, icazə verin, bu təntənələrdə iştirak etməyə dəvət olunduğum üçün Sizə təşəkkürümü bildirim. Doğrudan da, ilk baxışdan 15 il hələ yetkinlik yaşı demək deyildir, lakin idman üçün bu, istedadların üzə çıxdığı yaşdır. Bu yaşda gənclər idman ustası, beynəlxalq dərəcəli idman ustası olur, gələcək üçün böyük imkanlar açılır. İndi Sizin respublikada idman sahəsində baş verən hadisələrə fikir verdikcə düşünürəm ki, Azərbaycan idmanının böyük gələcəyi var. Biz böyük idmanın nədən başlandığını xatırlayırıq. Sizin idmançılar ilk Olimpiadada bir medal qazanmışdı, indi isə bu medalların sayı artıq 5-ə çatmışdır. Tamamilə əminəm ki, Pekində medalların sayı on olacaqdır.
Rusiya Olimpiya Komitəsinin prezidenti Leonid Vasilyeviç Tyaqaçov öz ürək sözlərini yazmış və məndən xahiş etmişdir ki, imkan olsa, onları oxuyum:
- “Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan MOK-un prezidentinə.
Əziz İlham Heydər oğlu, Sizi və respublikanızın idman ictimaiyyətinin bütün nümayəndələrini Milli Olimpiya Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu illər ərzində Azərbaycanda Olimpiya Hərəkatı xeyli möhkəmlənmişdir. Azərbaycan idmançıları Sovet İttifaqının seçmə komandalarının heyətlərində ən yüksək beynəlxalq səviyyəli yarışlarda sanballı uğurlar qazanmış sələflərinin şanlı ənənələrini davam etdirirlər. Bizim xalqlarımızın müştərək idman qəhrəmanları var, biz onlarla fəxr edirik. Biz bilirik ki, Azərbaycan Respublikasının rəhbərliyi səmərəli sosial siyasət yeridir və bunun sayəsində getdikcə daha çox insan böyük idman yolunu seçir, böyük idman isə perspektivli dəstələr hesabına möhkəmlənir.
Azərbaycan dövlətinin liderinin həm də ölkənin Milli Olimpiya Komitəsinə başçılıq etməsinin rəmzi mənası var. Biz qardaş ölkənin idmançılarının uğurlarına ürəkdən sevinirik. Qarşılıqlı münasibətlərimiz etibarlı münasibətlər kimi qalır və biz bir-birimizə kömək etməklə bu münasibətləri daim möhkəmləndirəcəyik. Sizə ən xoş arzularımı bildirirəm. Dərin hörmətlə, Sizin Leonid Tyaqaçov”.
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Qoqi Topadze Azərbaycanın sürətli iqtisadi tərəqqisini, eləcə də respublikada idmanın inkişafını təkcə Qafqaz regionu üçün deyil, dünyanın bir çox ölkəsi üçün də örnək kimi qiymətləndirdi. O dedi:
- Cənab prezident, mənə Gürcüstan Olimpiya Komitəsi və bizim olimpiyaçılar adından Sizi bu yubiley münasibətilə təbrik etmək şərəfi nəsib olmuşdur. Demək istəyirəm ki, Azərbaycanda idman infrastrukturunun coşğun inkişafı bizi çox sevindirir. Rusiya nümayəndəsinin dediyi kimi, biz əminik ki, gələcək Olimpiya oyunlarında sizin idmançılar 5 yox, 10, 15 medal qazanacaqlar. Biz sizin idmançılara azarkeşlik edəcəyik, xüsusən ona görə ki, 2016-cı ilin yay Olimpiya oyunları Bakıda keçirilə bilər. Azərbaycan Prezidentinin eyni zamanda Olimpiya Komitəsinin prezidenti olmasını, müdrik və dahi Heydər Əliyevin oğlu olmasını nəzərə alsaq, bu məqsədə nail olacaqsınız. Biz belə hesab edirik və ümidvarıq ki, Olimpiya oyunları ilk dəfə Qafqazda, Cənubi Qafqazda keçiriləcəkdir. Dəvət üçün çox sağ olun. Sizi təbrik etməyimə çox şad oldum. Sizə böyük uğurlar arzulayıram.
Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ərdoğan Aripinar Azərbaycan Milli Olimpiya Komitəsinin 15 ildə qazandığı uğurların qardaş Türkiyədə doğurduğu qürurdan söhbət açdı. O dedi:
- Özümüzü kiçik qardaşımızın doğum gününə gəldiyimiz kimi hiss edirik. MOK 15 yaşına çatdı. Çox uzun danışmaq istəmirəm, atanızı rəhmətlə anarkən, onun söylədiyi sözləri hər zaman xatırlayırıq: “Biz bir millət, iki dövlətik”. Türkiyə bunu belə bilir. İnşaallah, gördüyünüz böyük işlərlə, idmana verdiyiniz böyük önəmlə qarşıdakı Olimpiya oyunlarında Azərbaycanın bayrağı şərəflə yüksələcəkdir. İndi isə bu gözəl hədiyyəni Türkiyə Milli Olimpiya Komitəsi adından Sizə təqdim etmək istəyirəm.
Latviya Milli Olimpiya Komitəsinin prezidenti Aldonis Vrublevskis Azərbaycan idmançılarının bundan sonra da yeni zirvələr fəth edəcəyinə əmin olduğunu bildirdi. O, prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edərək dedi:
- Siz çox iş görürsünüz, lakin hələ görüləsi işlər daha çoxdur. Biz bu yubileyi payızda qeyd edirik, payızda isə, adətən, məhsul yığırlar. Ona görə də mən Sizə məhsul yığmaq üçün kiçik bir anbar modeli bağışlamağı özümə şərəf sayıram. Burada üzərində milli latış naxışları olan əl işi - kəmər var. O, Kosmos ilə Yerin birləşməsinin, ailənin, dostluğun rəmzidir. Bu hədiyyəni Latviya Olimpiya Komitəsi adından sizə bağışlayır və ümidvar olduğumu bildirmək istəyirəm ki, Olimpiya Hərəkatının, idman hərəkatının vəhdəti, xalqlarımızın dostluğu bundan sonra da tərəqqi edəcəkdir.
Litva Olimpiya Komitəsi adından çıxış edən səfir Kestutis Kudzmanas Bakıda diplomatik fəaliyyətlə məşğul olduğu yarım il ərzində aldığı təəssüratını bölüşərək dedi:
- Cənab prezident, mənim bəxtimə burada səfir olmaq və bizim Litva Olimpiya Komitəsi ilə bilavasitə bağlı olmaq şərəfi düşmüşdür. Mən Litva Olimpiya Komitəsinin təsisçisi, Baş Assambleyanın üzvü olmuşam. Bizim Olimpiya Komitəsinin prezidenti cənab Arturas Povilyunas xahiş etmişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illik yubileyi münasibətilə onun təbriklərini şəxsən Sizə çatdırım. Şəxsən mən son yarım ildə Sizin ölkənizin idman uğurlarını müşahidə edirəm, ölkənizdə tikilmiş olimpiya kompleksləri mənə güclü təsir bağışlamışdır. Onlar Pekin Olimpiya oyunlarında qələbələr qazanmaq və 2016-cı ilin yay Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün həqiqətən gözəl zəmindir. İcazə verin, Sizə Litva Olimpiya Komitəsi adından təbrikləri yetirim, Litva ilə Azərbaycanın dostluğunun rəmzi olan suveniri təqdim edim.
Dördqat olimpiya çempionu, Belarus Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun rektoru Yelena Belova Azərbaycan MOK-un 15 illik yubileyi münsibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə təbriklərini çatdırdı və öz ölkəsinin Milli Olimpiya Komitəsinin ali mükafatını təqdim etdi.
Ukrayna Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Vadim Qutsayt prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqəti ölkə əhalisinin sağlamlığına və fiziki kamilliyinə qayğı kimi qiymətləndirdi. O dedi:
- Mən Sizi Ukrayna Milli Olimpiya Komitəsi adından salamlayıram. Mən qılıncoynatma üzrə Olimpiya çempionuyam. Çox sevinirəm, bilirəm ki, Siz idmanın bu növünü sevirsiniz. Bu növdə ölkənizin mövqeləri çox möhkəmdir. Mən Sizi Afina Olimpiya oyunlarında görmüşəm. Sizin öz ölkənizin yığma komandasına necə azarkeşlik etdiyinizi görmüşəm. Ölkə Prezidentinin həm də Milli Olimpiya Komitəsinin prezidenti olması, idmanı sevməsi çox gözəl haldır. Ukrayna Olimpiya Komitəsinin prezidenti Sergey Bubkanın təbrikini Sizə çatdırmaq istərdim:
- “Hörmətli prezident, əziz həmkarlar. Ukrayna Olimpiya Komitəsi adından Sizi Milli Olimpiya Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan həmişə özünün gözəl idman ənənələri və bacarıqlı atletləri ilə ad çıxarmışdır. Çox yaxşı haldır ki, siz bu ənənələrə hörmət bəsləməklə yanaşı, onları daha da artırırsınız. Son illərdə Sizin rəhbərlik etdiyiniz Milli Olimpiya Komitəsi ölkənizdə Olimpiya Hərəkatının inkişafında və olimpiya ideyalarının populyarlaşdırılmasında irəliyə doğru böyük addım atmışdır. İnanıram ki, biz idmanın inkişafı naminə, xeyirxahlıq, əmin-amanlıq və idman qələbələri naminə bundan sonra da Sizinlə səmərəli əməkdaşlıq edəcəyik.
Hörmətlə, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, olimpiya çempionu Sergey Bubka”.
Arzu edirəm ki, bizim dövlətlərimiz arasında - Azərbaycan və Ukrayna arasında sülh və dostluq həmişə tərəqqi etsin.
Moldova Milli Olimpiya Komitəsinin vitse-prezidenti Vyaçeslav Malunay Azərbaycanın dinamik inkişafının ona xoş təsir bağışladığını vurğulayaraq dedi:
- Hələ 5 gün bundan əvvəl mən Azərbaycana gələcəyimi bilmirdim. Buraya gələndən sonra mən xəcalət çəkdim ki, 50 il ərzində bir dəfə də Azərbaycanda olmamışam. Əlbəttə, burada gördüklərim məni heyrətləndirdi. Burada güclü, yaxşı dinamika var. Moldova Respublikasının Olimpiya Komitəsi, Təhsil və Gənclər Nazirliyi adından Sizi əlamətdar tarix, Milli Olimpiya Komitəsinin 15 illiyi münasibətilə təbrik etmək istəyirəm. Bu 15 ildə Siz çox iş görmüsünüz. Azərbaycanın olimpiadalardakı qələbələrinin dinamikası bunu bir daha təsdiq edir: 1996-cı ildə bir medal, 2000-ci ildə üç medal, 2004-cü ildə beş medal qazanmısınız. Sizi əmin etmək istəyirəm ki, Moldova xalqı sizin idmançıların uğur qazanmasını Azərbaycan xalqı ilə birlikdə gözləyəcəkdir.
Prezident İlham Əliyev səmimi sözlərə görə qonaqlara təşəkkür edərək dedi:
- Həqiqətən, idman elə bir sahədir ki, orada bütün xalqlar birləşir. İdmançılar da yarışlarda bir-biri ilə ünsiyyət saxlayır, dostlaşırlar, idman mübarizəsində qarşılaşdıqda onların hər biri qalib gəlməyə çalışır, sonra isə qucaqlaşaraq bir-birini təbrik edirlər. Bunlar insani dəyərlərdir. İdman hər bir ölkənin ictimai həyatında ən mühüm amillərdən biridir. Ölkələr də özlərini dünyaya idman vasitəsilə təqdim edirlər. Bu, xüsusən gənc ölkələrə, yaxın vaxtlarda müstəqillik əldə etmiş, dünyada çoxlarının, bəlkə də, heç tanımadığı ölkələrə daha çox aiddir. Ölkənin bayrağı qaldırılanda və onun himni səslənəndə həmin ölkə idman vasitəsilə özünü dünyaya tanıdır. Hamımızın bildiyi kimi, bu baxımdan Olimpiya oyunları heç bir başqa şeylə müqayisə edilə bilməyəcək hadisədir. Olimpiya Hərəkatı həm idman hərəkatı, həm ictimai hərəkat, həm də bütövlükdə xeyirxahlıq və dostluq kimi dəyərlər təlqin edən bir hərəkatdır. Buna görə də mən çox şadam ki, artıq 10 ildir Olimpiya Hərəkatı ilə bağlıyam. Məhz bu il mənim Olimpiya Komitəsinə rəhbərlik etməyə başlamağımın 10 ili tamam olmuşdur. Bu müddətdə çox şeyə nail ola bilmişik - həm qazanılan medallara görə, həm infrastrukturun yaradılmasına görə. Ən başlıcası isə, idmançılar və idman bölmələrində məşğul olan uşaqlar əsl vətənpərvər və fiziki cəhətdən sağlam insanlar kimi böyüyür. Onlar idmanla məşğul olanda, təbii ki, narkomaniyadan, alkoqolizmdən və digər zərərli vərdişlərdən uzaq olurlar. Hər bir dövlət güclü olduqda özünə arxayın olduğu kimi, fiziki cəhətdən güclü insan da həmişə özünə arxayın olur. Yəni, idman insanlara bu inamı verir. Digər tərəfdən, əgər insan fiziki cəhətdən güclüdürsə o, bir qayda olaraq, heç kəsi incitməz, əksinə, başqalarının incitdiyi adamı müdafiə edər. Deməli, idman xeyirxahlıq amilidir. Biz də idmana məhz bu kontekstdən yanaşırıq. Bu, sadəcə, ölkənin nüfuzu, medal və ya hər hansı çempionatın keçirilməsi demək deyildir. İdman ölkədə cərəyan edən bütün ictimai proseslərə son dərəcə geniş təsir göstərir. Biz də Azərbaycanda həm idmançılara kömək etməyə, həm sosial problemləri həll etməyə, həm də idman infrastrukturu yaratmağa çalışırıq. İndi biz hər bir rayonda beynəlxalq yarışlar keçirmək mümkün olan iri olimpiya mərkəzləri yaradırıq. Yeri gəlmişkən, bu, təkcə Bakıya aid deyil. Məsələn, iki il bundan əvvəl Qubada voleybol üzrə qran-pri yarışları keçirilmişdi. Həmin turnirdə qadınlardan ibarət 8 aparıcı voleybol komandası iştirak edirdi. Özü də bu şəhər Bakıdan 200 kilometr aralıda yerləşir. Ölkəmizdə idman kompleksləri, mehmanxanalar tikilir, hər cür şərait yaradılır. Biz çalışırıq ki, beynəlxalq yarışları hər yerdə keçirmək mümkün olsun. İndi bütün şəhərlərdə üzgüçülük hovuzları tikirik. Sizə deyə bilərəm ki, oraya təkcə idmançılar deyil, sağlam olmaq istəyən hər kəs gedir.
Əlbəttə, biz beynəlxalq əlaqələri də inkişaf etdiririk. Çünki idman insanları birləşdirir. Elə ölkələr var ki, bir-biri ilə yaxşı münasibətdədir. Elələri də var ki, münasibətləri o qədər də yaxşı deyil. Lakin bunun idmana aidiyyəti yoxdur, əksinə, idman ölkələri bir-birinə yaxınlaşdıran amildir. Ona görə də ölkəmizdə idmanın necə inkişaf etməsi məni çox sevindirir, beynəlxalq əlaqələrimiz məni sevindirir.
Bizim dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu əlaqələri daim davam etdirmək lazımdır ki, xalqlarımız bir-birinə yaxınlaşsınlar.

26 oktyabr 2007-ci il
Xəbər 1280 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru