Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/07 | 22:09 "Ferrari” komandası Fettelə yeni müqavilə təklif etməyib
03/07 | 21:31 Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib
03/07 | 19:53 Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar
03/07 | 18:25 “Qəbələ” xorvatiyalı müdafiəçisi ilə yollarını ayırıb
03/07 | 18:02 “Chessable Masters”: Finalda Maqnus Karlsen Aniş Giri ilə mübarizə aparacaq
03/07 | 17:22 Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib
03/07 | 16:01 Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
03/07 | 14:56 “Barselona” klubu Şarunas Yasikyaviçyus ilə üçillik müqavilə imzalayıb
03/07 | 14:35 Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
03/07 | 14:02 WADA dopinqlə mübarizədə növbəti 5 il üçün iş planını açıqlayıb
03/07 | 13:13 On yeddi yaşlı futbolçu Ronaldonun rekordunu yeniləyib
03/07 | 12:42 “Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb
03/07 | 12:01 Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb
03/07 | 11:26 “Mançester Siti” komandası “Liverpul”un qapısından dörd cavabsız top keçirib
03/07 | 10:00 “Chessable Masters” yarışında finalçıların adları müəyyənləşib
03/07 | 09:53 MBA-nın 9 basketbolçusunda koronavirus testləri müsbət nəticə verib
02/07 | 22:07 Serxio Ramos ən çox sarı vərəqə alan futbolçudur
02/07 | 20:30 Postpandemiya dövründə idmanda neqativ hallara qarşı mübarizə məqsədilə sənəd imzalanıb
02/07 | 19:20 MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir
02/07 | 18:47 AFFA yeni hakimləri təsdiq edib
02/07 | 17:44 “Chessable Masters”: Yan Nepomnyaşi finala vəsiqə uğrunda Aniş Giri ilə mübarizə aparacaq
02/07 | 16:55 Bu gün şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçiriləcək
02/07 | 16:46 Formula 1 xidməti maşınlarını ictimaiyyətə təqdim edib
02/07 | 16:31 Misirli futbolçu Məhəmməd Salah doğma kəndində təcili tibbi yardım mərkəzi tikdirib
02/07 | 15:28 Paralimpiya çempionu İlham Zəkiyev: Koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik
02/07 | 14:39 “Moselle Open” tennis turniri təxirə salınıb
02/07 | 13:52 Tokio Olimpiadasının təşkilat komitəsi Oyunlar barədə yekun qərarın təxirə salınmasını təklif edir
02/07 | 13:44 Sabah Avstriya Qran-Prisi ilə Formula 1 mövsümünə start verilir
02/07 | 12:53 “Qarabağ” klubu sabiq futbolçusu ilə müqavilə imzalayıb
02/07 | 12:16 Sosial məsafə qaydasının pozulması səbəbindən final matçı 14 dəqiqəlik dayandırılıb
02/07 | 11:49 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür
02/07 | 11:05 UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb
02/07 | 10:11 Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub
02/07 | 09:55 “Chessable Masters”: Maqnus Karlsen finala vəsiqə qazanıb
01/07 | 22:12 Futbol üzrə Çin çempionatının başlayacağı tarix müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
100 illiyin ritmini dərindən hiss et!
Tarix: 12.03.2011 | Saat: 00:40:00 | E-mail | Çapa göndər
Nə qədər inanılmaz görünsə də (hələ bu az imiş kimi - nə qədər kədərli olsa belə!), Azərbaycan futbolunun 100-illik yubileyinin yaxınlaşması xəbərinə AFFA aparatında əvvəl şübhə ilə yanaşdılar, sonradan təəccüblənib lap mat qaldılar. Və sual ifadəsi tərzi ilə lap aşkar şəkildə tələffüz edilən "doğrudan?" kəlməsi, mürəkkəb və çoxmənalı "ola bilməz!" ifadəsi ilə lap ağız-ağıza səslənirdi. Bu söhbətlər elə doğulduğu andan elə iti sürətlə çoxalırdı ki, onun qarşısını almaq da get-gedə lap çətinləşirdi. Ən nəhayət, deyəsən, MDB-də yeganə olan futbol muzeyinin direktoru, Əməkdar jurnalist Abbas Əzimovdan bunu yazılı dəlillərlə sübut etməsini istədilər.

Açığı, deyə bilmərəm, bu tələblərin vurhavuruna salınmış həmkarım sənədləri necə tapıb, amma faktları üzə çıxarması aydındır. Yoxsa AFFA prezidenti ölkədə futbolun bir əsrlik yubileyinin təntənə ilə qeyd edilməsinə fərman verməzdi və bununla bağlı qarşıya konkret məsələlər qoyan göstərişləri də olmazdı. Aydın məsələdir, Azərbaycanda ingilis işçiləri ilə Nobel qardaşlarının kontorlarından biri arasında oynanılan ilk futbol matçının şahidləri bu gün sağ deyillər - o illərin oyunlarının bəzi məqamları haqqında yalnız insan hafizəsinə söykənib nəsə demək olar. Elə, deyilənə görə, həmin qarşılaşmalar indi böyük Səməd Vurğunun nəhəng və hündür ağacların əhatəsində ucalan heykəlinin yerləşdiyi Əsgər meydanında baş tutardı... Bir də, güman ki, kitabxana fondlarının, muzeylərin saxlanc yerlərinin bir güşəsində zamanın saraldıb-soldurduğu köhnə qəzetlərdə, o vaxt Bakı və bakılılıar üçün yeni olan bu əyləncə haqqında bəlkə də şəxsi arxivlərdən nəsə bir qeyd tapmaq olar.

Elə bu məqamda və bütün deyilənlərə əlavə olaraq söyləyim ki, futbolətrafı orbitdə lap əzəldən Avropanın elmi dairələrində yüksək nüfuzu ilə seçilən Humbolt adına Berlin Universitetinin yenicə təsis edilmiş Azərbaycanşünaslıq kafedrasının müdiri professor Yeva-Mariya Aux peyda olur. Əslində o - BDU-nun şərqşünaslıq fakültəsinin məzunu və iki böyük alimimizin - akademik Ziya Bünyadovla professor Ələsgər Məmmədovun yetirməsi buraya bir mühüm məqsəd, XIX əsrin ortalarında almanların Azərbaycanda məskunlaşmasının tədqiqini tamamlamaq üçün gəlmişdi. Amma araşdırmanın gedişi onu çox maraq doğuran faktların izinə saldı. Sən demə, Azərbaycan diyarında, qədim Gəncə şəhəri yaxınlığında Yelenendorf və Annensdorf yaşayış məntəqələrini salan koloniyaçılar təkcə üzüm yetişdirib buğda səpmirmişlər, sadəcə, heyvandarlıqla məşğul deyilmişlər, həm də idmanla biganə qalmamışlar. Onların, o cümlədən, öz futbol komandaları olub və öz aralarında oyun da keçirirmişlər, hətta turnirlər təşkil edirmişlər. Professor Yeva-Mariya Auxun sözlərinə görə, bu haqda şahidlərin yazılı xatirələri də qalıb. Sözün qısası, əgər almaniyalı alimin bu nəticəsini əsas götürsək, Azərbaycanda futbolun nəinki 100, hətta, böyük gümanla, daha çox yaşı var. O, bununla bağlı fikilərini bu yazının müəllifi ilə də bölüşmüşdü.

Bu xəbər, təbii ki, maraq oyatmaya bilməzdi və mənim xahişimlə AFFA-nın baş katibi Elxan Məmmədov xanım Yeva-Mariya Auxu qəbul etdi. İkisinin arasında olmuş ətraflı söhbətin nəticəsi kimi, qarşılıqlı razılıq əsasında qərara alındı ki, AFR-dan olan professorun başladığı iş Azərbaycan arxivlərində davam etdirilsin; bunda maraqlı olan tərəflərin fikirlərinə görə, həqiqət tapılıb ortaya çıxarılarsa, ölkəmizdə və ümumiyyətlə, Qafqazda futbolun əmələ gəlməsi tarixinə aydınlıq gətirilə bilər.

Niyə də olmasın axı?! Axı, həmkarım və həmsoyadım, Əməkdar incəsənət xadimi, yarım əsrdən artıq qolunu çırmalayıb kino sahəsində çalışan Aydın Kazımzadə həqiqətən sübut edə bildi ki, Azərbaycan kinematoqrafı, əvvəllər səhvən qeyd edildiyi kimi, 1916-cı ildə deyil, 1898-ci ildə yaranıb və bu tarixə görə o, dünyada ən qocamanlardan sayılmalıdır. İndi isə bu tarix dövlət səviyyəsində rəsmən qəbul olunub. Niyə də Azərbaycan futbolunda da bu şanlı qəhrəmanlıq dastanı təkrarlanmasın?!

Özüm görməmişəm, amma bir dəfə indi Tanrı dərgahına qovuşmuş köhnə tanışım, uzun illər arxivdə işləmiş, elə yəqin oradakı hər kağızı əlinə almış Fikrət Əliyev deyirdi ki, yaxşı axtarsan, nəinki taparsan, hətta təsəvvürləri heyrətləndirə də bilərsən. Hətta bir dəfə "İdman"ın redaksiyasına Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu o qısamüddətli dövrdə müxtəlif nəşrlərdə işıq üzü görmüş futbol haqqında bir neçə məqaləni də gətirdi. Təbii ki, mən dərhal onların hamısını dərc etdim və bu, əməllicə hay-küy doğurub əks-sədaya səbəb oldu.

Onun Azərbaycan futbolunun qaranquşları barədə material yığmaq barədə təklifinə gəldikdə: mən günahkaram, bu məsələni çox yubatdım - bu işlə məşğul olmaq üçün heç vəchlə vaxtımı uzlaşdıra bilmədim, sonra isə o vaxt ölkədə ağalıq edən yalançı bəylər mənə "öz xahişimlə" ərizəsini yazmaq buyruğunu verdilər və inanın, həm də dövr elə idi ki, Azərbaycan futbolunun yaranmasını araşdırmağın da artıq yeri deyildi. Fikrətin özü də, görünür, elə həmin səbəbdən, mənbəni - ilk oyunun tarixini, keçirildiyi yeri və yarışın iştirakçılarını "eşib çıxarmaq" ideyası heç kimi maraqlandırmadığından soyudu...

Amma xoşbəxtlikdən, hardasa - köhnə dəftərçələrimdə Bakı futbolunun veteranlarından biri, Azərbaycanda futbol topunun "tullanıb-düşməyə" başladığı 1911-ci ildə keçirilmiş ilk oyunların az qala hamısının iştirakçısı olmuş həkim Dıxno ilə o illərin söhbətlərinin izinə düşüb apardığım bəzi qeydlər qorunub saxlanıb. O mənim qonşum idi - bədən quruluşuna görə dolğun, başı tam keçəl qırxılmış ortaboylu və eynək altından zillənən iti baxışlı biriydi və mən onu valehedici hekayəçi kimi yadda saxladım. Hətta o da yadımdadır, o özü 20 yaşındaykən və tibb institutunun tələbəsi olduğu vaxtda, hələ öz doğma şəhərinin komandasının heyətində heç də axırıncılar cərgəsində yer almayan oyunçu olduğu vaxtda valideynlərinin - köklü odessalıların yalnız ikisinə məlum olan və özlərinə sərf edən səbəblərdən köçüb Azərbaycana gəlməsindən də bəhs edərdi.

Çox təəssüf edirəm ki, zaman həkim Dıxnonun adını və ata adını hafizəmdən silib. Amma o da lap gözəl yadımdadır ki, bakılı olduqdan sonra, Bakının yığma komandasında çıxış edib, dostluq görüşlərində elə həmin əcnəbilərə - konsessiyaçılara qarşı oynayıb, başqa məlumatları isə heç soruşmayın da - unutmuşam.

Bununla belə, evimizin o biri tərəfində həkim Dıxnonun divar qonşusu, ruslaşmış alman, çox gözəl insan, yaşına görə Azərbaycan futbolunun pionerləri sırasına aidliyi olmayan, amma onların oyununu, daha doğrusu, oyunlarını, onların bir özgə aləm olan qollarını öz gözü ilə görmüş və ürəyinin açıldığı nadir olmayan o anlarda mənə çox maraqlı şeylərdən bəhs etmiş Pavel Petroviç Reyx yaşayırdı.

Bu xatirələri çox gözəl şəkildə Vladimir Andreyeviç Makoqonov - 85 yaşında, əgər səhv etmirəmsə, müdrik insanların qədim oyunu qarşısında xüsusi xidmətlərinə görə beynəlxalq şahmat qrossmeysteri adına layiq görülmüş, 80 yaşında Azərbaycan çempionatında parlaq oyun göstərmiş, ələlxüsus da, start turundan başlayaraq dalbadal 5 partiyada qalib gəlmiş, futbolu isə heç də ondan az sevməyən (ən azı ona görə ki, qardaşı Zaqafqaziyada ən yaxşı qapıçı sayılırdı və təşbihlərlə desək, bugünkü "Neftçi"nin əcdadları hesab olunan "Temp"lə "Proqress"in heyətində çıxış edirdi) bir insan tamamlayırdı.

Konstantin Petroviç Kuznetsov da Bakı futbolunun yaranıb "kişiləşməyə" başladığı illərdən mənə çox maraqlı şeylər nəql edib. Yeri gəlmişkən, o özü 30-cu illərdə Zaqafqaziya yığmasının üzvü olmuşdu, 60-cı illər "Neftyanik"inin məşhur kapitanı, incə ötürmənin və driblinqin misilsiz ustası Yuri Kuznetsovun atası idi. Sözgəlişi, onların hamısı - elə Sayad Cəbrayılovun özü, həmçinin Vasili Devlyaşov, Teymur Ərzumanov, Vladimir Karmayev, Viktor Şevçenko, Şirəli Şirəliyev də Sabunçu-Suraxanı zonasından - o yerdən ki, müxtəlif illərdə Leninin, Lenin komsomolunun, nəhayət, Azərbaycan xalqının qəhrəmanı və şan-şərəfli oğlu, erməni işğalçılarının vurduğu vertolyotda həlak olmuş İsmət Qayıbovun adı verilmiş məşhur stadionun yerləşdiyi rayondan idilər.

Oxucunun diqqətini təsadüfən sırf bu coğrafi təfərrüata yönəltmirəm. Futbolu, əlbəttə, ötən 100 il ərzində, yarandığı gündən bu yana Bakıda şəhərin hər yanında, hər tinində oynayıblar və oynayırlar da; o, bütün Azərbaycanboyu yayılıb və ona tələbat var. Lakin mən, yenə və bir daha təkrar etməsəm və bizim torpaqlarda onun, necə deyərlər, kiçik vətəninin Balaxanı və Suraxanı neft mədənləri arasında, Hacı Zeynəlabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun və Ağamusa Nağıyevin, eləcə də Nobelin və Rotşildin qazmaçılar və dartayçılar üçün tikdirdikləri yataqxanaların məhəllələrində və fəhlə qəsəbələrində itib-batan, elə bu unudulmaz insanların kasıb camaatın uşaqları üçün açdırdığı məktəblərin həyətlərindəki meydançalar olduğunu söyləməsəm, yüz dəfə yalançı çıxaram.

Və bu gün şahid kimi Çingiz İsmayılovun - 50-60-cı illərdə "Neftyanik"in əla qapıçısı olmuş, doğrudur, Ərəblinkada-indi Bakıxanovun adını daşıyan qəsəbədə deyil, Çəmbərəkənddə anadan olmuş, lakin elə Ərəblinkada böyüyüb başa çatmış və şəxsiyyət kimi, görkəmli futbolçu kimi formalaşmış insanın adını çəkirəmsə, inanın ki, çox böyük niyyət güdən məqsədlə bunu edirəm. Ona görə ki, həm də elə həmin "Neftyanik"in çox gözəl yarımmüdafiəçisi və 1966-cı ilin bürünc medallarının məşqçi-memarı Əhməd Ələsgərovu, onunla çiyin-çiyinə oynamış və həddən ziyadə çalışqanlığı ilə yaddaşlarda qalmış Şamil Əmirovu, müdafiədə fədakarlıq nümunələri təcəssüm etdirmiş Naum Naumtsevi və İvan Şelexovu, hücumçular Mirmehdi Ağayev, Nikolay Rasskazov və Yevgeni Şaqarovu da bu siyahıya əlavə etməklə Bakı, ümumən Azərbaycan futbolunun nailiyyətlərinə Sabunçu-Suraxanı regionunun verdiyi töhfələrin qiymətini vermiş oluram.

Eyni zamanda, oxuculardan milyon dəfələrlə üzrxahlıq edirəm ki, "dərələrdən sel kimi, təpələrdən yel kimi" çox iti sürətlə ötüb keçir, futbolumuzun formalaşmasında və möhkəmlənməsində şəkk-şübhəsiz əməyi olan kəslərin hamısını adbaad sadalamıram. Tam səmimiyyətlə ümid edir və inanıram ki, mənim bu təvazökar sətirlərim qələm və yaradıcılıq eşqini futbol oyununun tərənnümünə həsr edən həmkarlarımın ifasında davam edəcək, onlar yubileyin hazırlanması və keçirilməsindəki rollarını yalnız milli çempionatın oyunlarına həsr olunmuş hesabatları yazmaqla məhdudlaşdırmayacaqlar. Axı, deməyə də söz var, şərh etməyə də!

Lütfən deyin, harada və hansı ölkədə futbol hakiminə heykəl qoyulub, milli stadiona onun adı verilib! Bu mənim sözlərim deyil - özü görkəmli futbolçu olmuş, dünya futbolunun inkişafının müəyyən mərhələsini borclu olduğu UEFA prezidenti Mişel Platini XX əsrin böyük futbol hakiminin adını əbədiləşdirən abidənin açılışında demişdi: “Əgər bir ölkə, xalq futbol tarixində belə bir misli görünməmiş addım atırsa və bu təntənədə planetin, qitənin ən yüksək futbol məmurları iştirak edirlərsə, deməli, bu insan bu şərəfdən, bu rəğbətdən də artığına layiqdir!".

Son dərəcə gözəl sözlər, 1966-cı il dünya çempionatının final oyununu əla idarə etdiyi üçün, ülyahəzrət Böyük Britaniya kraliçasının Tofiq Bəhramova - onu "Qızıl fit"lə təltif etdiyi vaxt - ünvanlanan müraciəti; elə Bakıya qeyri-rəsmi səfərlə gəlmiş, lakin hökumətin qəbulunda Tofiq Bəhramovun da iştirak etməsini, az qala, qəti tələb şəklində irəli sürmüş İngiltərənin baş naziri Marqaret Tetçerin hərəkətləri; ən nəhayət, bu sətirlərin müəllifinə eksklüziv müsahibəsində “Bu insan bütün planetin gözü qarşısında futbolun heysiyyatını, şərəf və ləyaqətini qurtardı!" deyə bəyan etmiş FİFA-nın fəxri prezidenti Joao Avelanjın ifadələri ilə necə də səsləşir. Və bu gün xarici qəzetlərin məlumatlarında İngiltərədə azyaşlı futbolçular üçün təsis edilmiş və onlarla komandanın iştirak etdiyi Tofiq Bəhramov kuboku uğrunda yarışın ənənəvi turnirə çevrilməsini oxuyanda, tam səmimi iftixar hissi keçirirəm, qəlbim fərəh hissi ilə dolur və xoşbəxtəm ki, Tofiq Bəhramovla çox yaxından tanış olmuşam, hətta onun dostları siyahısında yer almışam.

Ümumittifaq dərəcəli hakim adını daşıyarkən və SSRİ-də "beynəlxalq" adına çox az namizəd olanlardan biri ikən, Tofiq Bəhramov sürətlə ötüb-keçən cəmi iki il ərzində hakimliklə məşğul olmadı. Amma o bu məcburi tənəffüsə Azərbaycan futbolu rəhbərlərinin xahişi ilə razılıq verdi. Məsələ onda idi ki, məhz bu dövrdə Bakıya - "Neftyanik"ə başçılıq etməyə - görkəmli məşqçi Boris Andreyeviç Arkadyev dəvət olunmuşdu. İndi ölkəmizə öz köməkçiləri - assistentləri, həkimləri, hətta inzibatçıları ilə gələn əcnəbi mütəxəssislərdən fərqli olaraq, o, ümid verən gənc məşqçilərdən birini ona köməkçi verməyi xahiş etmişdi və sanki demək istəyirdi: qoy, təcrübə toplasınlar, Azərbaycanda illərboyu işləyəsi deyiləm ki.

Bax, elə o vaxt B.A.Arkadyevin yanında, sonradan əla rəhbər kimi yetişən Əli Əbilzadə ikinci məşqçi və Tofiq Bəhramov isə komandanın rəisi kimi təsdiq edildilər. Və bu gün əgər dost pərdəsi altında gizlənib, oğrun-oğrun öz əməllərini həyata keçirən bədxahlarının minbir fitnəsi olmasaydı...
B.Arkadyevin bilavasitə rəhbərliyi ilə hələ uzun illər irəli addımlayacağı məlum olan respublikanın ən yaxşı klubunun başında dayanan bu üçlük haqqında layiq olduğu sözləri söyləməyi özümə borc bilirəm.

Ah, Azərbaycan futbolunun inkişafı və möhkəmlənməsində bu insanın əzəmətli rolunu indiki nəsil bircə təsəvvür edə bilsəydi! Heç bir qeyd-şərtsiz və şübhəsiz - elə həmin bürünc-66, sonrakı illərin elə həmin nailiyyətləri birbaşa onun xidməti, Bakıda gördüyü azman işin bəhrəsidir: stadionları, məktəbləri, məhəllələri gəzir, küçələrdə uşaqların bəhsabəhs oyununu izləyir, axtarır və Banişevski ilə Şexovu, Zabrodinlə Manaşirovu, Batrayevlə Boqdanovu tapırdı.

1966-cı ildə SSRİ çempionatında üçüncü yeri qazanmış həmin heyətin, demək olar ki, bütün üzvləri Boris Andreyeviç Arkadyevin yetirmələri idi.
Məgər mən Moskva "Dinamo"sunun tərkibində keçmiş İttifaqın futbol birinciliyinin dörd qızıl medalını əldə etmiş, SSRİ yığmasının heyətində Avropa çempionu olmuş və Milanda 4:1 hesabı ilə başa çatmış oyunda dünyaca şöhrətli "Milan"ın qapısından 4 top keçirmiş Ələkbər Məmmədovun şücaətini unuda bilərəm! Radiodalğalarda futbol matçını ondan yaxşı heç kəsin şərh edə bilməyəcəyi bir insanın - Vadim Sinyavskinin həyəcan içində titrəyən səsi hələ də qulaqlarımda cingildəyir: “Qürur duyun, bakılılar, bu gənc oğlanla qürur duyun! O, Avropa klub nəhəngini, "Milan" adlı əsatiri özü təkbaşına puç etdi və italiyalı tamaşaçıları qol vurmaq istedadını alqışlamağa məcbur etdi! O, sizin diqqətinizə, rəğbətinizə və hörmətinizə layiqdir!".

Hə, əlbəttə ki, bürünc-66-nı da heç vaxt unuda bilmərəm və Kazbek Tuayev, Valeri Hacıyev, Yaşar Babayev və Mübariz Zeynalovla hər ünsiyyətim mənə duyğulu anların xoş ətrini bəxş edir və böyük təəssüf-kədər hissi ilə düşünürəm ki, dünyamız necə də fanidir və onun parlaq günəşinin şəfəqi altında yaşayan heç bir kəs əbədi deyil; beləcə amansız ölüm ötən 45 il ərzində öz gedər-gəlməz ünvanına Adil Babayevlə Sergey Kramarenko, Vyaçeslav Semiqlazola Vladimir Bruxtini aparıb, heyhat, bu gün aramızda Aleksandr Trofimovla Anatoli Qryazev, həmin bürüncün "doğulmasında" rolu danılmaz olan Şövkət Abdulla oğlu Orduxanovla Valentin Stepanoviç Xlıstov yoxdur. Və hər dəfə acıyıram ki, Anatoli Banişevski, qeyd-şərtsiz böyük bombardir, təkcə Azərbaycan və sovet deyil, həm də dünya futbolunda silinməz iz qoymuş bir hücumçu həyatdan çox erkən köç etdi. Təvazökarlıqdan uzaq saymayın, mənim iş dəftərçələrimdə Banişevskiyə həsr olunmuş və futbol adlı oyunun di Stefano və Kroyf, Fakketti və Eysebio, Puşkaş və Bekkenbauer, Gerd Müller və ən nəhayət, Pele kimi dünya korifeylərinin dilindən çıxmış neçə-neçə qeydlər var və əlbəttə, nə vaxtsa bir gün reportyor tələskənliyi ilə yazılmış cızma-qaraların geniş açmasını qələmə almağa başlayacağam.

"Neftçi" və "Xəzər-Lənkəran"dan sonra "Birlik kuboku"nu Azərbaycana qazandırmış üçüncü komanda kimi Bakının "İnter" klubunu (yeri gəlmişkən, Rusiyanı çıxmaqla, heç bir postsovet respublikası belə uğur əldə etməyib və bu barədə susmaq, mənim əqidəmə görə, vətənpərvərliyə sığan şey deyil!) qəbul edərkən ölkə başçısı İlham Əliyevin tam haqlı olaraq vurğuladığı kimi, son illər futbolumuzda yaxşılığa doğru hiss olunacaq dəyişikliklər baş verir. Təkcə Ağdamın "Qarabağ" komandasının avrokuboklarda getdikcə daha inamla çıxış etməsi və MDB məkanından Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının klub reytinqində yer alan yeganə komanda olması özü çox şeydən xəbər verir.

Elə lap bu yaxınlarda yayılmış məlumat, əlbəttə, əsl idman qədirbilənini biganə qoya bilməz və qoymamalıdır da - beş Azərbaycan klubu XXI əsrin ilk onilliyinin dünyada ən yaxşı 1002 komandasının siyahısına düşüb: "Neftçi" 586-cı, Ağdam "Qarabağ"ı 634-cüdür, eləcə də "Xəzər-Lənkəran", "Bakı" və paytaxt "İnter"i də bu sıradadır.

Həmçinin ölkə yığması da rəsmi turnirlərdə xarakter nümayiş etdirməyə başlayıb və onun qitə çempionatının seçmə oyununda çox güclü Türkiyə komandası üzərində qələbəsi ümid verir və gələcəyə nikbin baxmağa sövq edir.

Hesab edirəm ki, bununla əlaqədar Azərbaycan yığmasının üzvlərinin transfer qiymətini dəyərləndirən "transfermarket" portalının tədqiqatı nəzərəçarpacaq maraq doğura bilər. 2008-ci ilin noyabrında Azərbaycan yığmasının oyunçularının ümumi dəyəri 3,7 milyon avro idisə, indi bu rəqəm, iki dəfə artıb və 7 milyon 475 min avro təşkil edir.

Dəyişikliklər ən bahalı oyunçularda da əksini tapıb. İki il əvvəl ən bahalılar vətəndaşlıq hüququ verilmiş serb Branimir Subaşiç (800.000 avro), keçmiş ukraynalı Aleksandr Çertoqanov (450.000) və Zaur Tağızadə (400.000) idisə, indi siyahıya köklü Azərbaycan futbolçuları Rəşad Sadıqov (1.000.000), Rail Məlikov (750.000) və Kamran Ağayev (600.000) başçılıq edirlər. Bu gün Azərbaycan yığması futbolçularının dəyəri orta hesabla 231 min avrodur (yeri gəlmişkən, bu, Fransa prezidenti Nikolya Sarkozinin birillik maaşıdır).

Mənə benefisin layihəsinə nələrin salındığını söyləmək çox çətindir, hər halda AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin üzvü Rauf Əliyev deyir ki, təntənəli mərasim iyun ayına nəzərdə tutulub.

May ayında 81 yaşını qeyd edəcək Əməkdar idman ustası, professor Ələkbər Məmmədov ("Bilirsən, - futboldan çox uzaq olan, Ələkbər Məmmədovun bədən tərbiyəsi və idman kafedrasının müdiri işlədiyi Neft Akademiyasında çalışan bacım dedi, o, hələ də futbol oynayır və lap yeniyetmə kimi meydançada qaçır!"), sözgəlişi dedi ki, AFFA 100-illiyə Pele və Maradonanı da dəvət etməyə hazırlaşır və yubileyin proqramını bənd-bənd hazırlayacaq müvafiq komissiya yaradılır (bəlkə də artıq yaradılıb).

İnanmaq istərdim ki, bu proqramda tamaşa xarakterli, indi deyilən kimi, benefisini qeyd edən milli komandanın dünyanın (və yaxud Avropanın) qalan hissəsinin yığmasına qarşı oyunu da yer alacaq. Bu ərəfədə isə, oxucular arasındamı deyim, ya federasiyanın rəsmi saytındamı deyim, bir sözlə, keçirdiyi rəy sorğusu əsasında yubiley dövrünün, bu halda isə 100-illik müddətin, rəmzi yığma komandası tərtib olunacaq. Əgər bizdə belə bir referendum keçirilsə - onun keçiriləcəyinə şübhə etmirəm - coşub-daşacaq ehtirasları indidən təsəvvür etmək də olar!

Axı, Azərbaycanda İkinci dünya müharibəsinə qədər və xüsusən də ondan sonra məharətli dəri top ustaları olub; bunu həm sovet, həm də əcnəbi mətbu orqanları qeyd edirdilər və mən konkret adları, sadəcə, ona görə sadalamıram ki, bu, gələcəkdə 100-illiyin yığmasını müəyyənləşdirən anketin mümkün iştirakçılarına hər hansısa psixoloji təsir göstərə bilər.
- Yəqin - bu informasiyanı heç də gözləmədiyim bir mənbə - Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Viktor Katkov səsləndirib və elə buna görə də çox əhəmiyyətlidir - iyuna planlaşdırılan 1-ci "Xəzər Kuboku" (turnirdə göl-dənizin sərhədlərini yuduğu 5 ölkədən savayı, Türkiyə, Gürcüstan və Özbəkistan da iştirak edəcək), bu mənada, heç də az maraq doğurmayacaq.

Bu sətirlərin müəllifindən: uzun müddətdir bu ideyanı düşünüb daşınan Azərbaycan futbol assosiasiyası (yadımdadır, hətta bir dəfə bu barədə yazmışdım da, amma Xalq Cəbhəsi hökuməti onu kökündən məhv etdi, hərçənd AFFA, mən orada işlədiyim dövrlərdə bu barədə müvafiq razılaşmalar da əldə etmişdi və hətta FİFA-ya da belə təkliflə müraciət etmişdi), nəhayət ki, öz istəyinə çatmaqdadır. Görünür, bu turnir ənənəvi olacaq və beynəlxalq təqvimə də salınacaq. Hər halda, Xəzəryanı ölkələrin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya futbolçuları üçün yarış ustalığını artırmaq üçün əla məktəb ola və xalqlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət göstərə bilər.

Başqa bir mənbədən eşitmişəm ki, FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platiniyə də dəvətnamələr göndəriləcək və əminəm ki, bu, son dərəcə doğru qərardır. Yüksək futbol rəhbərliyindən, yadınızdan çıxmayıbsa, Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə "Şöhrət" ordeninə də layiq görülmüş Blatteri və Azərbaycanın da tərkib hissəsi olduğu Avropa futbolunun sükanı arxasında fəaliyyətinin məhsuldar, dərindən təhlil edilərək sabitqədəmliklə həyata keçirilən və düşünülüb-daşınılmış sayıla biləcək müsyö Platinini çağırmayıb, kimi çağırasıyıq ki?

İnanıram ki, onlarla yanaşı, futbolumuzun sınanmış və sadiq dostu, Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti və indi UEFA-nın birinci vitse-prezidenti, FİFA İcraiyyə Komitəsinin üzvü Şenes Erzik də olacaq. AFFA-nın beynəlxalq aləmdə tanınması üçün onun nələri etməsini sadalamayacağam, Avrokuboklarda iştirak məsələsi həll ediləndə, AFFA-nın maraqlarını necə ardıcıllıqla və inadla qorumasından söz açmayacağam - sadəcə, çəkinirəm, Erzik bəyin gördüyü çox sayda yaxşı əməllərdən hansınınsa adını çəkməyim. Amma biri haqqında mütləq söz açmalıyam. AFFA-nın yenicə yaradıldığı və ayağa qalxmağa çalışdığı, dünyada tanınan müstəqil futbol təşkilatlarının Azərbaycan üçün dərin mənasını axıra qədər də ağıllı-başlı anlaya bilməyən Xalq Cəbhəsi hökumətinin müqavimətini addım-addım dəf etməyə başladığı vaxtlarda məhz Şenes Erzik Türkiyədən bura nüfuzlu ekspert qrupunu ezam etdi və onların bizim üçün seminarlar keçirib, məsləhətlər verməsi az imiş kimi, UEFA qarşısında Azərbaycanın da Avropa futbol ailəsinə qəbul edilməsi məsələsini qaldırdılar, yığmamızın qitə yarış meydanlarına addımlarının xeyir-duasını verib yola saldılar, AFFA ilə uzunmüddətli dostluq və əməkdaşlıq müqaviləsi imzaladılar. Məgər bunları unutmaq olar?

Budur, həmin xəttin özünəməxsus tərzdə davamını görürük: idman dünyasında möhkəm və yüksək nüfuza malik TOCA Bakıda olimpiya stadionunun inşası ilə məşğul olacaq. Şirkətdə qeyd edirlər ki, tikintisinin 2015-ci ildə başa vurulması planlaşdırılan stadion FİFA və UEFA standartlarına tam cavab verəcək.

Heç şübhə etmirəm ki, bayram günlərində yubilyarların ünvanına səmimi qəlbdən gələn dostcasına çox xoş sözlər deyiləcək, arzular dilə gətiriləcək. Bunlar heç də adi təbriklər olmayacaq. Bu, Azərbaycan futbolunun rifahına yönəldilmiş qazanc payı olacaq və ondan yetərincə məharətlə istifadə etmək lazımdır.

Bu da AFFA fəallarının ürəyincə olmalıdır. Qoy onların futbolumuzun 100-illik təntənələrinin yol yoldaşı olan əməlləri uğurlu nəticələrə, yekunlara aparsın, onun parlaq gələcəyinə yönəlsin.
Xəbər 2094 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
11.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib
15.05.2012 İdman iliniz mübarək!


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru