Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Noyabr sıralaması Azərbaycan qrossmeysterləri üçün uğurlu alınıb.
Belə ki, Teymur Rəcəbov (2793) ardıcıl üçüncü dəfə 4-cü pillədə yerini qoruyub.
Şəhriyar Məmmədyarov isə yenidən “10-luğ”a qayıdıb. O, nə az, nə çox – 13 pillə irəliləyərək, 10-cu yerə yüksəlib (2764).
Şəhriyardan fərqli, hazırda səhhətində problem olan və müəyyən müddətdir yarışlara qatılmayan Vüqar Həşimov 3 pillə geriləyib. O, hazırda 2737 xalla 20-ci yerə enib.
Reytinq cədvəlinin ilk “üçlüy”ü yenə dəyişməz qalıb. Siyahıya 2848 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İkinci yeri Levon Aronyan (Ermənistan, 2815), üçüncü yeri Vladimir Kramnik (Rusiya, 2795) tutur.
|