21-23 sentyabr 2012-ci il tarixdə Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsində iştirak edəcək Azərbaycan yığma komandasının heyəti məşqçilər korpusu tərəfindən müəyyənləşdirilib.
İdman.com.az saytının məlumatına görə, ilk gün keçiriləcək sərbəst güləş yarışlarında yığma komandamızın heyətində 23 güləşi medallar uğrunda mübarizə aparacaq. Baş məşqçi Seypulla Absəidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə, Yaşar Əliyev, Nicat Muradov, Azər Paşayev və Cəlal Süleymanov, 60 kq-da Hacı Əliyev, Ağahüseyn Mustafayev, Coşqun Əzimov və Ramin Ələkbərov, 66 kq-da Məhəmməd Müslümov, Elmir Qəmbərov, Emin Əzizov və Hacımurad Ömərov qüvvələrini sınayacaq. Əşrəf Əliyev, Aleksandr Qostiyev, Zaur Ələkbərov 74 kq-da, İlya Xamikoyev və Roman Bəkirov 84 kq-da xalça üzərinə çıxacaq. 96 kq çəkidə Aslanbek Alborov, Hacı Əlicanov və İlham Abidov, 120 kq çəkidə isə Aslan Cəbişov və Əli İsayev mübarizə aparacaq.
Sentyabrın 22-də keçiriləcək qadın güləşçilərin mübarizəsində yığma komandamız 10 güləşçi ilə təmsil olunacaq. Əsas yığma komandanın üzvləri Kanadada keçiriləcək Dünya çempionatında iştirak edəcəyindən məşqçiləri korpusu bu yarışda əsasən ehtiyat qüvvəyə şans verəcək. Baş məşqçi əvəzi Məhəmməd Əliömərov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında heyətdə Fatimə Baqomedova (48 kq), Anjela Doroqan, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Yarina Dubovska, Solmaz Həşimzadə (hər ikisi 55 kq), İrina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova, Gözəl Zutova (hər ikisi 67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıb.
Yarışların son günündə yunan-Roma güləşi üzrə yığma komandamız baş məşqçi Salih Bora, böyük məşqçi Şaban Donat, məşqçilər Muttalib Yerlikaya və Turac Hüseynlinin rəhbərliyi altında 21 güləşçi ilə mübarizə aparacaq. 55 kq-da Elçin Əliyev, Taleh Məmmədov, Orxan Əhmədov, Vilayət Qəhrəmanlı və Xurşud Babaşov, 60 kq-da Kamran Məmmədov və Sakit Cəlilov, 66 kq-da Həsən Əliyev, Rüstəm Əliyev, Azad Əliyev və Rəsul Çunayev ölkəmizi təmsil edəcək. Elvin Mürsəliyev, Niyaməddin İbrahimov və Samuray Mustafayev 74 kq, Hamzat Yusubov, Rafiq Hüseynov və Rüfət Hüseynov 84 kq, Şalva Qadabadze, Araz Həsənov və Murtuza Tağıyev 96 kq, Radomir Petkoviç isə 120 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Xatırladaq ki, sentyabrın 21-də ilkin görüşlər Bakı vaxtı ilə saat 13.00-da, turnirin rəsmi açılış mərasimi saat 17.00-da başlayacaq. Görüşlər İdman-Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
|