Avqustun 28-də Lənkəran Olimpiya İdman Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnir keçiriləcək.
Yarış stritliftinq, didlift və benç-press növləri üzrə təşkil olunacaq. Yarışda 50-dən artıq idmançı 70, 80, 90 və 100 kiloqram çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev yarışda gənc idmançıların mübarizə aparacağını bildirib. Qeyd edib ki, yarışda peşəkarların çıxışı nəzərdə tutulmayıb. Şəhid Emil Qurbanov federasiyamızın nümayəndəsi olub və güc idman növlərinin Cənub bölgəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində taqım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi və ASF-nin təşkilatçılığı ilə keçiriləcək.
|