Ölkəmizin ağırlıqqaldırma üzrə millisinin heyətinə daha 1 legioner cəlb olunur. Belə ki, Azərbaycan Ağır Atletika Federasiyası qırğızıstanlı idmançı Bekzat Osmanəliyevə yığmamızda çıxış etməyi təklif edib. Bunu Qırğızıstan Ağır Atletika Federasiyasının prezidenti Uson Maynazarov açıqlayıb. Eyni zamanda yığmanın baş məşqçisi olan mütəxəssis yetirməsinə qayğının olmamasından şikayətlənib. Maynazarovun sözünə görə, məsələ ilə bağlı yekun qərarı atletin özü verməlidir ki, o da hazırda Rusiyanın paytaxtındadır.
İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, Osmanəliyev London Yay olimpiya oyunlarında 3-cü cəhdində zədələnib və yardımla bağlı vətənində Olimpiya Hazırlığı Mərkəzinə müraciət etsə də, onun üçün hansısa köməklik edilməyib. İdmançı bu biganəlikdən sonra yığmasını dəyişməyə meyllidir.
Maynazarov keçirdiyi mətbuat konfransında London olimpiadasına da öz şəxsi vəsaitləri hesabına getdiklərini bildirib: “Bizə dedilər ki, siz bilet alın, pulunuz verərik. Bunu isə olimpiada başa çatdıqdan, bilet aldıqdan 36 gün sonra verdilər”.
27 yaşlı asiyalının mübarizə apardığı 56 kq çəki dərəcəsində Azərbaycanı London-2012-də bürünc medal qazanan digər milliləşdirilmiş legioner Valentin Xristov təmsil edir.
|