Avropa Komissiyasının təşəbbüsü ilə “Be Active” devizi altında Mingəçevir şəhərində keçirilən “Avropa idman həftəsi” turnirində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülük, voleybol və stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə yarışın qalibi Bərdə rayonunun komandası olub. Mingəçevir şəhərinin yığması ikinci, Tərtər rayonunun komandası isə üçüncü yeri tutub.
Qax rayonun komandası qızlar arasında voleybol yarışlarında birinci yerə layiq görülüb. Oğuz və Kürdəmir rayonunun voleybolçuları sonrakı pillələrdə qərarlaşıblar.
Stolüstü tennis üzrə kişilər və qadınlar arasında yarışlarda isə Şəki, Gəncə və Mingəçevirin komandaları mükafatalayiq yerlər tutublar.
“Avropa idman həftəsi”nin proqramına mini futbol, basketbol 3x3, stolüstü tennis, avarçəkmə, voleybol, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, uzun məsafəyə qaçış, velosiped, skeytbord, təkərli konkisürmə, eləcə də “Çempion” əyləncəli oyunlar və xüsusi Olimpiya proqramı çərçivəsində keçiriləcək yarışlar daxildir.
Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində və Mingəçevir şəhər stadionunda pandemiya dövrünün qaydalarına uyğun keçirilən “Avropa idman həftəsi” festivalı oktyabrın 31-dək davam edəcək.
|