|
|
Azərbaycanın cüdo məşqçilərinə Yaponiya hökumətinin "Gümüş Şüalı Gündoğar Ordeni" təqdim edilib |
|
Tarix: 28.10.2021 | Saat: 18:23:00 | E-mail | Çapa göndər
|
|
Oktyabrın 28-də Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında Azərbaycanın cüdo üzrə iki məşqçisinin - “Kanokan TT” peşəkar cüdo idman klubunun prezidenti Tərlan Həsənov və cüdo üzrə paralimpiya yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəblinin Yaponiya hökumətinin “Gümüş Şüalı Gündoğar Ordeni”(The Order of the Rising Sun, Silver Rays) ilə təltif olunma mərasimi keçirilib.
Əvvəlcə Yaponiyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada mərasimdə çıxış edərək Yaponiya və Azərbaycan arasındakı dostluq əlaqələrindən danışıb: "Ölkələrimiz arasında güclü dostluq əlaqələri var. Azərbaycanın müstəqilliyinin 30 illiyinin qeyd edildiyi əlamətdar bir vaxtda mükafatlandırma mərasiminin təşkili xüsusi əhəmiyyət kəsb edir".
Səfir Azərbaycan və Yaponiya hökumətləri arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
Sonra Cuniçi Vada “Gümüş Şüalı Gündoğar Ordeni”ni(The Order of the Rising Sun, Silver Rays)T.Həsnov və Ə.Rəcəbliyə təqdim edib.
Tərlan Həsənov və Əhməddin Rəcəbli çıxış edərək yüksək mükafat üçün minnətdarlıq edib, gələcəkdə də cüdonun inkişafına öz töhfələrini verəcəklərini bildiriblər.
Daha sonra xatirə şəkillər çəkdirilib.
Azərbaycanın ilk cüdoçularından biri olan T.Həsənov 1972-ci ildən məşqçi kimi çalışır. Məşqçi kimi fəaliyyəti dövründə çoxlu sayda istedadlı cüdoçular yetişdirən Tərlan Həsənov, eyni zamanda, üç beynəlxalq dərəcəli hakim və çoxsaylı məşqçilər ərsəyə gətirib. Uzun müddət cüdo üzrə məşqçilik fəaliyyəti ilə bu idman növünün inkişafına öz töhfələrini verib.
Yüksək mükafatla təltif edilən Ə.Rəcəbli də Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərib və məşqçi kimi yüzlərlə idmançı yetişdirib. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevin Paralimpiya Oyunlarında qazandığı uğurlarda onun xüsusi əməyi olub. Əhməddin Rəcəbli Azərbaycanda cüdo və paracüdonun inkişafına əvəzsiz töhfələr verib.
|
|
|
|
Xəbər 403 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|