"Yarış zamanı birdən-birə irəli çıxdım və uzun müddət ilk 8 idmançı sırasında oldum. Amma bəzi yerlərdə ayağımda qıcolmalar hiss etdim. Bu, ya havanın isti olmasından, ya da bilmirəm, nədənsə oldu". Bu sözləri velosipedçimiz Elçin Əsədov Tokio-2020 Yay Olimpiya Oyunlarında şosse növündə çıxışını şərh edərkən deyib.
“Bu il bu yarışa qədər 17 000 km məsafə velosiped sürüb, məşq etmişəm, bir neçə ağır təlim-məşq toplanışları keçmişəm. Belə olmalı deyildi. 26-cı km-də qrup mənə çatdı. 140-cı km-də isə arxada qaldım. Buranın qanunlarına görə qrupdan bir az dala qaldınsa, pandemiyaya görə, 5-6 idmançı birlikdə olanda irəli getməyə qoymurlar. Ona görə də hakim bizi dayandırdı.
İdmançımız belə halla ilk dəfə üzləşdiyini deyib: “Bu olimpiadaya görə 6-7 kq arıqlamışam. Hayıf ki, alınmadı. İstədiyimə nail olub qalib ola bilmədim. Üzgünəm, amma çalışacağam ki, gələcək yarışlarda bayrağımızı yüksəklərdə dalğalandırım".
Təcrübəli velosipedçimiz əslində istiyə qarşı dözümlü olduğunu da bildirib: “Bundan əvvəl Mərakeşdə 45 dərəcə istidə ikinci yeri tutmuşam. Bu, olimpiadaya xal qazanan vaxt olub. Burada alınmadı. Özüm də səbəbini bilmirəm. Bəzi şeylər var ki, mən onlara özüm aydınlıq gətirməliyəm".
|