Yaponiya hökuməti Tokio Olimpiadasına qatılmaq üçün buraya gələcək “Delta” ştamının geniş yayıldığı altı ölkənin yığma komandasına nəzarəti gücləndirəcək.
Bu nəzarət Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Maldiv və Əfqanıstan yığmalarına tətbiq ediləcək. Bildirilir ki, həmin yığmalar Yaponiyaya yola düşməzdən bir həftə əvvəldən başlayaraq hər gün COVID testi verməlidirlər. Həmçinin, həmin dövrdə və Yaponiyaya gəldikdən sonra 3 gün müddətində bu idmançılar öz məşqçilərindən və komanda üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmamalıdırlar.
Qeyd edilir ki, artırılmış tələblər iyulun 1-dən qüvvəyə minəcək. Digər idmançılar isə Yaponiyaya gəlməzdən 96 saat əvvəl iki koronavirus testi verməlidirlər.
Xatırladaq ki, Tokio Olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, “Delta” ştamı artıq 85 ölkədə qeydə alınıb.
“Tokio-2020”nin təşkilat komitəsi bu ərəfədə paytaxtın Olimpiya obyektlərində spirtli içkilərin satışını qadağan edib. Eyni zamanda, tamaşaçıların idman obyektlərinə özləri ilə spirtli içkilər gətirməsi də qadağan edilib.
|