Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) növbəti on il üçün fəaliyyət strategiyası Prezident İlham Əliyevin fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanır.
Bu barədə qurumun rəhbəri Şəfəq Hüseynli açıqlama verib.
Ş.Hüseynli AMADA-nın 2016-cı ilin dekabrında təsis edilməsindən sonra qəbul olunan dörd illik Davamlı Strateji Planının icrasının yekunları ilə bağlı da məlumat verib. Bildirib ki, Azərbaycanda müstəqil milli antidopinq təşkilatı qismində təsis edilmiş publik hüquqi şəxs olan AMADA ictimai əhəmiyyət daşıyan dopinqlə mübarizə funksiyasını həyata keçirir. Əsas missiyası ölkə ərazisində antidopinq proqramını həyata keçirmək olan AMADA-nın 26 nəfərdən ibarət işçi heyəti və mülki müqavilə əsasında fəaliyyət göstərən 31 nümunə toplama heyəti var.
Qeyd olunub ki, AMADA dörd illik fəaliyyətini və hədəflərini əks etdirən Davamlı Strateji Planının hazırlanmasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürüb. Hansı ki bu, 2015-ci ildə BMT-nin Baş Assambleyasında təsdiq edilib və bütün dünya ölkələri tərəfindən dəstəklənmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əksini tapıb. Gündəlikdə 2030-cu ilədək daha yaxşı və dayanıqlı gələcəyə çatmaq üçün 17 qlobal məqsəd müəyyənləşdirilib. Bu qlobal çağırışı nəzərə alan AMADA özünün Davamlı Strateji Planında həmin 17 məqsəddən 11-nin əks olunduğu beş istiqamət müəyyənləşdirib.
Dopinqlə mübarizənin əsasını sağlamlıq, dürüstlük, bərabərlik kimi ictimai dəyərlər təşkil edir. Bununla bərabər hüquqlar, təhsil, gender bərabərliyi, təhlükəsizlik, ədalət, rifah və sair qlobal etik dəyərlər də mövcuddur. AMADA özünün Davamlı Strateji Planını hazırlayarkən bu prinsipləri nəzərə almaqla yanaşı, buna innovasiyalar və sosial məsuliyyət dəyərlərini də əlavə edib. Əminliklə demək olar ki, AMADA dörd illik fəaliyyəti dövründə bütün bu qlobal dəyər və prinsiplərə sadiq qalmış və Davamlı Strateji Planını uğurla icra edib.
Ölkənin milli antidopinq təşkilatı və Ümumdünya Antidopinq Məcəlləsinə imza təşkilatı olan AMADA Azərbaycanda dopinqlə mübarizəni məcəlləyə və beynəlxalq standartlara uyğun, şəffaf qaydada həyata keçirir. Qurumun əsas fəaliyyətinə test etmə, təhsil, təhqiqatlar, elm və nəticələrin emalı daxildir. Bununla bərabər sosial məsuliyyət prinsipinə də sadiq olan AMADA öz fəaliyyətini beş əsas istiqamətdə cəmləşdirib:
- Sağlamlıq və təhlükəsizlik: Sağlamlıq dopinqlə mübarizənin təşkilində düzgün və əhatəli qaydaların, habelə tədbirlərin əsasını təşkil edir;
- Təhsil və profilaktika: Təhsil davamlı inkişaf üçün ən güclü vasitələrdən biri olduğu kimi dopinqlə mübarizənin də əsas vasitələrindəndir;
- Dürüstlük və insan hüquqları: İnsan hüquqları davamlı inkişaf üçün şərait yaradır. Müxtəliflik, bərabər fürsət, gender balansı, ayrıseçkiliyə yol verməmə kimi prinsiplərə sadiqlik bütün fəaliyyət sahələri üçün vacibdir;
- İnnovasiyalar və artım: Fəaliyyətini Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq quran AMADA ISO 9001: 2015 standartına sahibdir. Bu, işçilərin iştirakı, müxtəliflik, rəqəmsallaşma, innovasiyalar, əməkdaşlıq və qlobal tərəfdaşlığı ehtiva etməklə yanaşı, şəffaflığa və hesabatlılığa əsaslanır;
- Ətraf mühit öhdəliyi: AMADA-nın ətraf mühitin qorunmasına həssas yanaşması özündə təkrar emal, enerji və su istifadəsini azaltmaq, tullantıların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerjidən istifadəni ehtiva edir.
AMADA dörd il ərzində öz fəaliyyətini bu istiqamətlər üzrə qurub və əldə edilən nəticələr gələcək fəaliyyət üçün yaxşı zəmin hazırlayıb.
AMADA-nın növbəti on il üçün fəaliyyət strategiyasının əsasını isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi təşkil edəcək. Bu Milli Prioritetlər, eyni zamanda, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
AMADA dövlətimizin başçısının təsdiq etdiyi Milli Prioritetləri rəhbər tutaraq yeni on illik Davamlı Strateji Planını hazırlamağa başlayıb. Bu plan dörd illik müsbət təcrübəyə, yüksək davamlılıq standartlarına və yeni inkişaf öhdəliklərinə əsaslanacaq.
|