Beynəlxalq Boks Assosiasiyası (AIBA) Olimpiya Oyunlarında idmanın bu növü üzrə medal dəstlərinin sayının artırılmasına çalışır.
AIBA prezidenti Umar Kremlyov bu barədə TASS-a müsahibəsində bildirib. BOK-un qərarını və gender bərabərliyini dəstəklədiklərini vurğulayan Assosiasiyanın prezidenti deyib: “Biz AİBA olaraq oyunlarda medal sıralamasının genişləndirilməsini xahiş edəcəyik. Yaxşı olardı ki, olimpiadada həm qadınlar, həm də kişilər arasında on çəki dərəcəsi olsun. Amma bunun üçün əvvəlcə AIBA-nı bərpa etmək və boksun ən möhtəşəm və populyar idman növlərindən biri olduğunu sübut etmək lazımdır. Əslində, bu doğrudur, amma indi AIBA bunu sübut etməlidir”.
Bundan əvvəl BOK İcraiyyə Komitəsinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramını təsdiqləyib. Belə ki, Yaponiyada kişilərin yarışında 8, qadınların mübarizəsində isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcəksə, Parisdə bu rəqəm müvafiq olaraq 7 və 6-dır.
Qeyd edək ki, BOK 2018-ci il noyabrın 30-da Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planlarını “dondurub”. Altı aydan sonra - 2019-cu ilin mayında isə BOK boks yarışlarının olimpiadaların proqramına salınmasına qərar verib. Eyni zamanda, AIBA BOK-un maliyyə, idarəetmə, hakim və etika ilə əlaqəli tələblərini yerinə yetirə bilmədiyi üçün tanınma statusundan məhrum edilib.
|