|
|
Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq onlayn turnirdə iştirak edəcəklər |
|
Tarix: 24.08.2020 | Saat: 11:53:00 | E-mail | Çapa göndər
|
|
Oktyabrda kapoeyra üzrə beynəlxalq onlayn turnir təşkil olunacaq. Yarışda Azərbaycanı 10 idmançı təmsil edəcək.
Bu sözləri müsahibəsində Azərbaycan Kapoeyra Federasiyasının (AKF) baş məşqçisi, Məşqçilər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə deyib.
Turnirin Ümumdünya Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçiriləcəyini deyən E.Əlizadə yarışa kiçik yaşlı idmançıların qatılacağını qeyd edib. Bildirib ki, turnirdə müxtəlif ölkələrdən idmançılar güclərini sınayacaqlar və onlayn platforma üzərindən mübarizə aparacaqlar. Atletlər yarışda iştirak üçün idmançı pasportları vasitəsilə qeydiyyatdan keçirlər və şəxsi hesablarını yaradılar. Turnirdə iştirak hüququ qazanan idmançılar solo performans videolarını həmin hesablarına yükləyirlər. Platforma avtomatik olaraq rəqibləri seçəcək və yarış mərhələlər üzrə davam edəcək. Hər yeni mərhələdə videolar yenilənəcək. Videolar Ümumdünya Kapoeyra Federasiyasının xüsusi qaydaları əsasında çəkilir.
“Kiçik yaşlı idmançılardan ibarət millimizin baş məşqçisi Zahidbəy Rüstəmbəyovun rəhbərliyi altında yığmamız turnirin hazırlığına başlayıb. Uşaqlar açıq havada təşkil olunan məşqlərə cəlb ediliblər. AKF-nin rəhbərliyi də hazırlığı diqqət mərkəzində saxlayır”, - deyə E.Əlizadə əlavə edib.
Qeyd edək ki, yaxın günlərdə Ümumdünya Kapoeyra Federasiyasının iclası keçiriləcək və beynəlxalq turnirə dünya çempionatı statusunun verilməsi məsələsi müzakirə ediləcək.
|
|
|
|
Xəbər 653 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|