Beynəlxalq Basketbol Federasiyası (FIBA) Tokio Olimpiadasına kişi basketbolçular arasında keçiriləcək seçmə xarakterli turnirlərin tarixlərini təyin edib.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Təsnifat turnirləri Kanada, Xorvatiya, Litva və Serbiyada keçiriləcək. Əvvəlcə yarışların bu il iyulun 23-28-də keçirilməsi planlaşdırılırdı. Sonradan turnirlər 2021-ci ilin 29 iyun-4 iyul tarixlərinə təxirə salınıb.
Seçmə turnirlərdə, ümumilikdə, 24 komanda iştirak edəcək. Altı komanda əvvəlcə iki qrupa bölünmüş dörd seçmə turnirin hər birində oynayacaq. Hər qrupdakı üç komandadan ikisi pley-offa çıxacaq, dörd turnirin hər birinin qalibi Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaq.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları gələn ilin 23 iyul-8 avqust tarixlərinə təxirə salınıb.
|