Azərbaycanın cüdoçusu Leyla Əliyeva sentyabrın 20-də Daşkənddə start götürən cüdo üzrə Qran-Pri turnirində gümüş medala sahib olub.
Turnirin birinci günündə kişilər 60 və 66, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizəyə başlayan Leyla Əliyeva finalda rusiyalı Sabina Qiliazovaya uduzaraq ikinci yeri tutub. O, finala gedən yolda rumıniyalı Monika Unqureanuya, fransalı Blondine Ponta, almaniyalı Katarina Menzə və Hindistan cüdoçusu Şuşila Devi Likmabama qalib gəlib.
İdmançımız İbrahim Əliyev (66 kq) otuzikidəbir finalda argentinalı Tal Almoqu məğlub edib. Növbəti mərhələlərdə ardıcıl olaraq çinli Min Yen Tsaini, Qazaxıstan təmsilçisi Yesset Kuanovu və misirli Məhəmməd Abdelmavqoud üstələyən İ.Əliyev yarımfinalda Yaponiya idmançısı Yuji Aida ilə görüşdə uduzub. Cüdoçumuz bürünc medal uğrunda özbəkistanlı Sardor Nurullayevə məğlubiyyətlə üzləşərək turniri beşinci pillədə başa vurub.
Turnirin birinci günündə kişilərdən Oruc Vəlizadə, Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), qadın atletlərdən isə Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian (52 kq) uduzaraq mübarizəni dayandırıblar.
|