«Roma»nın, «İnter»in, «Korintians»ın və Braziliya yığmasının keçmiş forvardı Adriano karyerasını başa vurmağa yaxındı. İdman.com.az saytının məlumatına görə, yaxın günlərdə braziliyalının dabanında cərrahiyyə əməliyyatı aparılmalıdı. Məhz bundan sonra onun gələcək taleyi məlum olacaq.
Futbolçu özü bu barədə deyir: «İndi hər şeyi ailəmlə müzakirə etməliyəm. Artıq çoxdandı ki, oynamıram. Lakin hər şeyə tam əmin olmaq lazımdı. İndi cərrahiyyə əməliyyatı keçirməliyəm. Sonra isə hadisələrin gedişinə baxacağıq. Hazırda düşünürəm ki, futbola qayıdacağam. Lakin hər şey mənim bərpamın necə keçəcəyindən asılıdır. Əgər əməliyyatdan sonra çətinliklər yaransa, başqa qərar qəbul etməli olacağam. Mənim 30 yaşım var. Hələ futbola çox şey verə bilərəm. Məqsədim bərpa olunub «Flamenqo» ilə müqavilə bağlamaq, sonra isə yığmaya qayıtmaqdır».
Adriano öz zənjin futbol karyerasında tək idman şücaətləri və mükafatları ilə deyil, meydandan kənar macəraları ilə məşhurlaşıb. Braziliyalı «İnter»in əsas forvardı olarkən 2009-cu ildə bir müddət içkiyə möhkəm qurşandı və bu da ona Milan təmsilçisi ilə bağlanmalı olan müqavilə bahasına başa gəldi. Sonra «Flamenqo»da əla mövsüm keçirib yenidən İtaliyaya qayıtdı. Bu dəfə «Roma»yla müqavilə bağlamaqla. Lakin romalıların formasını cəmi 5 oyunda geyindi və yarım ildən sonra anlaşması ləğv edildi. Bundan sonra Adriano «Korintians»a keçdi və burada artıq klub rəhbərliyini tək içki problemləri ilə deyil, həm də artıq çəkisi ilə narahat etməyə başladı. Nəticədə o, ciddi pəhrizi gözləyə bilmədiyindən müqavilədən məhrum edildi.
|