Azərbaycan Kikboksinq Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq idman növünün K-1 versiyası üzrə peşəkarlararası beynəlxalq turnir təşkil ediləcək.
Bu barədə avqustun 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, məşqçilər və digərləri bildiriblər ki, turnir avqustun 19-da saat 19:00-da Sumqayıt şəhərindəki dənizkənarı bulvar ərazisində “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı ilə keçiriləcək.
Yarışla bağlı danışan federasiyanın rəhbərliyi qeyd edib ki, turnirdə ölkəmizin 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı olmaqla, ümumilikdə, 20 peşəkar idmançı iştirak edəcək. Kikboksinqçilər 7 çəki dərəcəsində və beynəlxalq kikboksinq qaydalarına uyğun olaraq qələbə üçün yarışacaqlar. Turnirdə, həmçinin K-1 stili üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və WAKO K-1 stili üzrə İntercontinental kəməri uğrunda üç döyüş keçiriləcək. Turnirin keçirilməsində məqsəd kikboksinq idman növünün təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir.
|