Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib
Tarix: 21.04.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib YENİLƏNİB 2
21.04.2017 [17:28]
A+A–
Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxış etdi.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın
çıxışı
-Hörmətli tədbir iştirakçıları.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir.

Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları – həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır.

Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınır. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında bizim idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız ki, birinci Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da idmançılarımız bizi sevindirəcəklər, bizə qələbə sevinci bəxş edəcəklər.

Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, birinci Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər.

Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır.

Nəqliyyat sisteminin koordinasiyası ən vacib məsələlərdən biridir. Bunu keçmiş təcrübəmizdən də bilirik və biz burada bir neçə istiqamətdə çalışmalıyıq. İdmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi və əlbəttə, Oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi təmin olunmalıdır. Əlbəttə, ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilməlidir. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi kimi məsələlərə diqqət yetirilməlidir. Hərtərəfli tibbi xidmətin təmin edilməsi vacibdir. Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır.

Qeyd etdiyim kimi, bu gün bizim son iclasımızdır. Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik.

İndi isə Oyunlara hazırlıq haqqında daha geniş informasiya vermək üçün gənclər və idman naziri Azad Rəhimova söz verilir.

x x x

Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad RƏHİMOV çıxış edərək dedi:

- Hörmətli Birinci vitse-prezident.

Ölkəmizin ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyətinizə - Azərbaycan mədəniyyətinin geniş təbliği, mədəni, mənəvi və tarixi irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində və çoxsaylı digər işlərdəki fədakar fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Ölkəmizdə və ölkədən kənarda keçirilmiş bir sıra qlobal tədbirlər - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan muğamının qorunması və təbliği, bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də birinci Avropa Oyunları məhz Sizin rəhbərlik etdiyiniz Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində çox yüksək səviyyədə təşkil edilib. Birinci Avropa Oyunları nəinki bizim, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman tədbiri kimi qalacaq.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyiniz Oyunların yüksək səviyyədə keçirilməsinə əsas zəmanətdir.

Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub.

İyirmi bir gündən sonra başlayacaq İslam Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

Bildiyiniz kimi, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də Sizin tapşırığınıza əsasən İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Artıq qeyd edildiyi kimi, Oyunların açılış və bağlanış mərasimlərində, o cümlədən idman tədbirləri zamanı yardım göstərmək üçün 8 mindən çox könüllü səfərbər etmişik. İşçi qüvvəsinin və könüllülərin təlim prosesi başa çatmaq üzrədir. Bundan əlavə, Əməliyyat Komitəsinin tərkibində müxtəlif sahələrdə təxminən 14 minə qədər podratçı çalışır.

Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək istərdim ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur.

Həmçinin Oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.

Yarışların cədvəli tam hazırdır. Bununla yanaşı, artıq komanda yarışlarının püşkatma mərasimi də keçirilib. İdman Əməliyyat Proqramı çərçivəsində 20 idman növünün formatı və standartı müvafiq Beynəlxalq İdman Federasiyaları ilə razılaşdırılıb. Eyni zamanda, antidopinq laboratoriyası təşkil edilib.

Yarışlar 17 müxtəlif idman obyektində keçiriləcək. Bununla yanaşı, Oyunlar zamanı 21 qeyri-yarış məkanından istifadə olunacaq. Nəzərdə tutulan bütün idman obyektləri Oyunlara tam hazırdır.

Bütün idmançılar, məşqçilər, komanda rəsmiləri və texniki heyət Atletlər kəndində yerləşdiriləcək. Onu da qeyd etmək lazımdır ki, Atletlər kəndində 5544 yataq yeri var. IV İslam Həmrəyliyi Oyunları zamanı Atletlər kəndinin maksimal imkanlarının 90 faizdən çox istifadə edilməsi nəzərdə tutulur. Atletlər kəndi rəsmi olaraq may ayının 1-də açılacaq.

Oyunlar zamanı yerli iaşə podratçısı qonaqları 195 min ədəd yemək dəsti ilə təmin edəcək. Atletlər kəndində yerləşəcək 5 minə qədər beynəlxalq iştirakçının təhlükəsizlik və sağlamlıq məsələləri də bizim öhdəmizə düşür.

Birinci Avropa Oyunları zamanı əldə edilmiş inventar və avadanlıqların qorunub saxlanılmasına ciddi nəzarət təmin olunması bizə IT texnologiyaları, kommunikasiya, texnoloji avadanlıqlar, mebel, yataq dəstləri, digər təchizat məsələlərini əlavə vəsait cəlb etmədən həll etmək imkanı verib. Yarışların keçirilməsi üçün lazım olan bütün digər avadanlıqlar da artıq Bakıya gətirilib.

Oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət dövlət təhlükəsizlik orqanları tərəfindən həyata keçiriləcək. Birgə təhlükəsizlik mərkəzi hazırda Əməliyyat Komitəsinin ofisində fəaliyyət göstərir.

Yarışlar zamanı nəqliyyatın təmin edilməsi və hərəkəti ilə bağlı əməliyyat planında mövcud olan bütün məsələlər həll olunub. Oyunlar dövründə 144 Neoplan avtobusu, 20 Sprinter avtobusu və 206 taksi xidmətə cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyi 750 sürücü ayırıb və hazırda onların təlimləri davam etdirilir. Yarış müddətində ictimai nəqliyyatın iş qrafiki müvafiq dövlət müəssisələri ilə razılaşdırılıb.

Nəqliyyat əməliyyat proqramı çərçivəsində Atletlər kəndinin arxasındakı avtobus deposu Oyunların tələblərinə tam uyğun olaraq yenidən işə başlayıb. Bundan əlavə, əhali üçün nəqliyyat məhdudiyyətinin aradan qaldırılması məqsədilə Atletlər kəndi yaxınlığındakı ictimai nəqliyyat mərkəzinin yeri dəyişdirilib.

Fürsətdən istifadə edərək, nəqliyyatla bağlı məsələlərin həllində bizə göstərdikləri yardıma görə bütün müvafiq dövlət qurumlarına minnətdarlığımızı bildiririk.

Oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Texnologiyanın hazırlıq səviyyəsi bütün obyektlərdə bu həftə ərzində test edilir.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb.

IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ üçün yerli yayım şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinin, o cümlədən futbol yarışlarının canlı yayımlanması planlaşdırılır. Digər yarışlar tamaşaçılara idman bülleteni formatında təqdim ediləcək. Oyunların, həmçinin Olimpiya kanalı vasitəsilə yayımlanması nəzərdə tutulub.

Oyunların 24 beynəlxalq və 17 yerli səfiri Oyunlar haqqında məlumatları geniş sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Onlar, həmçinin İslam dəyərləri haqqında ictimaiyyət arasında müsbət fikrin formalaşmasına da xidmət edirlər.

IV İslam Həmrəyliyi Oyunlarına olan böyük maraq və diqqətin nəticəsidir ki, tədbirin 8 yerli və 5 beynəlxalq sponsoru var.

Oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. Bu mərasimlər Bakı Olimpiya Stadionunda baş tutacaq. Mərasim iştirakçısı olmaq üçün 9 min azərbaycanlı gənc Əməliyyat Komitəsinə müraciət edib və onlardan 4 mini seçilib.

Əməliyyat Komitəsi fəaliyyətə başladığı gündən İslam Həmrəyliyi İdman Federasiyası ilə sıx əməkdaşlıq qurub. Son 18 ay ərzində İslam Həmrəyliyi İdman Federasiyası Koordinasiya Komissiyasının 5 iclası, Milli Olimpiya komitələrinin toplantıları, seminarları və İslam Həmrəyliyi İdman Federasiyası ilə Birgə İşçi Qrupunun bir çox iclasları keçirilib.

Qeyd etmək istərdim ki, nailiyyətlərimiz burada iştirak edən dövlət qurumları ilə sıx əməkdaşlıq nəticəsində əldə olunub və buna görə hamınıza dərin təşəkkürümü bildirirəm.

Sonda IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 21 gün qalmış əminliklə bəyan etmək istərdim ki, biz Oyunların müvəffəqiyyətlə keçirilməsinə hazırıq. Ümidvaram ki, bu Oyunları da nümunəvi şəkildə keçirəcəyik. Azərbaycanın bacarığını, həmrəylik və dostluq dəyərlərinin təşviqinə töhfəsini beynəlxalq aləmə bir daha nümayiş etdirəcəyik. Diqqətinizə görə çox sağ olun.

X X X

Mehriban ƏLİYEVA: Çox sağ olun. İndi isə təhlükəsizlik məsələləri haqqında. Ramil müəllim, buyurun.

X X X

Daxili işlər naziri Ramil USUBOV çıxış edərək dedi:

- Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Hörmətli müşavirə iştirakçıları.

Məruzə edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.

Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb.

Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlarımızdır.

Cari ilin mart və aprel aylarında qüvvə və vasitələrin Oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.

Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd “X-RAY” və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1800 əməkdaş praktiki məşğələlərə cəlb edilib.

Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.

Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

Xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində birinci Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək.

Həmin dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərini artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.

Çox hörmətli Birinci vitse-prezident.

Respublikada kriminogen durumun tam nəzarətdə saxlanılması və profilaktik işin gücləndirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. Bu gün Azərbaycan və onun paytaxtı Bakı şəhəri əvvəlki illərdə olduğu kimi, dünyanın ən təhlükəsiz yerlərindən biridir. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə qorunduğu ölkəmizdə indi qarşımızda duran mühüm vəzifələrdən biri preventiv tədbirlərin davamlılığının təmin edilməsidir.

Su, hava və dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində, kommunikasiya vasitələrində və digər strateji obyektlərdə təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birgə, yəni əlaqəli şəkildə təşkil olunur.

Profilaktik qeydiyyatda olan, cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq.

Onu da məruzə edirəm ki, artıq Oyunların Akkreditasiya Mərkəzi cari ilin aprel ayının 7-dən mühafizəyə götürülüb. Aprel ayının 30-dan isə ardıcıllıqla - yarış, qeyri-yarış və məşq yerlərini əhatə edən 30 obyekt mühafizəyə qəbul ediləcək və hər birində sutkalıq xidmət təşkil olunacaq.

Sonda əmin etmək istəyirəm ki, bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və Sizin bütün tələb və tapşırıqlarınız daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcək, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunacaq. Diqqətinizə görə sağ olun.

X X X

Mehriban ƏLİYEVA: Təşəkkür edirəm, Ramil müəllim. İndi isə təhlükəsizlik məsələləri ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovu dinləmək istərdim.

X X X

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif AXUNDOV çıxış edərək dedi:

-Möhtərəm xanım Birinci vitse-prezident.

Hörmətli iclas iştirakçıları.

Daxili işlər naziri Ramil Usubov burada təhlükəsizlik məsələləri ilə bağlı geniş məlumat verdi. Biz Xüsusi Dövlət Mühafizə Xidməti olaraq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçiririk. Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb.

Biz birinci Avropa Oyunları zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edəcəyik. Bunlar “X-RAY” avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri aşkarlayan qurğulardır. Həmçinin 1000-dən çox kameranı təmir etmək üçün “Boch” videomüşahidə sistemi, üç baza stansiyası, dörd min “Motorola” tipli əl radiostansiyalarıdır. Altı yüz “Motorola” mobil stansiya alınaraq artıq gətirilib və qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə edəcəyik. Hazırda bu avadanlıqların obyektlərdə qurulması işləri tam başa çatıb. 17 obyektdə 114 “X-RAY” avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar quraşdırılıb, 13 obyektdə isə 41 “X-RAY” və 81 stasionar metalaxtaranların quraşdırılması aprelin sonlarında başa çatdırılacaq.

On idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur.

2017-ci ilin fevral ayından başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin təmin olunması üzrə zəruri tədbirlər hazırlanaraq həyata keçirilir.

Qeyd olunduğu kimi, tədbirlərə cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində çalışacaq işçilər ətrafında yoxlama tədbirləri həyata keçirilib. Bu siyahılar bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim olunub. Bu insanları xüsusi yoxlamalardan keçirmişik. Təkcə Xüsusi Dövlət Mühafizə Xidməti 1560 nəfəri yoxlayıb. Onlardan 107 nəfəri barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə tədbirlərdən kənarlaşdırılıb.

Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədi ilə “AZAL”ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata keçirilir.

Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti və Təşkilat Komitəsinin mərasimlər departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - “X-RAY” və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib.

Ümumiyyətlə, Xidmətimizin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib. İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış “X-RAY” və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək lazımdır ki, bütün idman obyektlərinin lift sektorlarının və yüksək səviyyəli qonaqların yaşayacağı mehmanxanaların mühafizə planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti ilə razılaşdırılıb.

Bundan əlavə, Xidmətimizin situasiya mərkəzi tərəfindən 5 mindən çox müşahidə kamerası vasitəsilə obyektlərə videonəzarətin təmin edilməsi ilə bağlı həyata keçirilən hazırlıq tədbirləri başa çatdırılıb. İdman və qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə Xidmətimiz tərəfindən ayrılmış mühafizə rəhbərlərinin mayın 1-dən etibarən obyektlərə göndərilməsi, mayın 8-dən isə idman obyektlərinin VIP sektorlarının müayinə edilərək tam mühafizəyə götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin operativ həlli üçün Xidmətimizin işçi qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə ezam olunacaq, orada digər qurumların əməkdaşları ilə birlikdə tam fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərinə səfər edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Xidmətimizin avtomobil parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki baxışdan keçirilərək tam hazır vəziyyətə gətirilib və qonaqlara xidmət göstərəcək.

Təhlükəsizlik tədbirlərinə cəlb olunacaq mühafizə əməkdaşları üçün xüsusi gödəkçələr hazırlanıb. Bu gödəkçələrin forması Təşkilat Komitəsi ilə razılaşdırılıb və tədbirlərin təhlükəsizliyinin təmin olunması zamanı bu gödəkçələrdən istifadə olunacaq. Yaddaş kitabçaları hazırlanıb və 1000-ə yaxın əməkdaşımıza paylanıb. Burada bütün məlumatlar var: həm idman obyektlərinin yerləri, həm keçiriləcək idman növləri, təmsil olunacaq dövlətlər haqqında bütün məlumatlar yaddaş kitabçasında öz əksini tapıb. Şəxsi heyət bu tədbirlərin həyata keçirilməsinə demək olar ki, tam hazırdır.

Çox hörmətli Birinci vitse-prezident, Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti əlindən gələni əsirgəməyəcək və bu tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.

Mehriban ƏLİYEVA: Çox sağ olun, Vaqif müəllim. Məndə olan məlumata görə, siz bir neçə idman obyektində əlavə müşahidə sistemlərinin qurulması ilə bağlı müraciət etmisiniz. Bu problem maliyyə baxımından həllini tapıbmı?

Vaqif AXUNDOV: Bəli, beş obyektdə. Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə işləyirik. Düzdür, biz o işlərə başlamışıq, amma hələ maliyyə almamışıq.

Mehriban ƏLİYEVA: Maliyyə Nazirliyi ilə bərabər bu məsələnin həlli yolunu tapmaq lazımdır. Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı təhlükəsizliklə bağlı bütün lazımi avadanlıq alınıb və bu gün həmin avadanlıqdan istifadə edirik, amma bir neçə idman obyekti var ki, əlavə videokameralarla təmin olunmalıdır. Bu məsələ öz həllini tapmalıdır.

Oyunlar zamanı təbii ki, ölkəmizə böyük turist axını gözlənilir, qonaqlar olacaq. Bu baxımdan, əlbəttə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün mədəni proqramların, turizm marşrutlarının hazırlanması çox böyük önəm daşıyır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu barədə fikirlərini dinləyək, buyurun.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1042 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
05.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru