Bərdə Olimpiya İdman Kompleksində kikboksinq üzrə keçirilən açıq rayon birinciliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş baş leytenant Ziya Həsənovun xatirəsinə həsr edilib.
Rayon gənclər və idman idarəsinin və “Prins” idman klubunun birgə təşkilatçılığı ilə təşkil olunan birincilikdə Gəncə şəhərindən, Ağcabədi, Tərtər, Kəlbəcər, Goranboy və Bərdə rayonlarından 127 idmançı iştirak edib.
Əvvəlcə Azərbaycanın dövlət himni oxunub, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bərdə rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək, şəhid Ziya Həsənovun keçdiyi şərəfli döyüş yolundan, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıb.
Şəhidin atası Niyazi Həsənov oğlunun xatirəsinə keçirilən yarışın təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.
Birincilikdə idmançılar 4 yaş qrupunda müxtəlif çəki dərəcəsində Beynəlxalq Kikboksinq Təşkilatının qaydalarına əsasən, lou-kik versiyası üzrə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblərə müvafiq dərəcəli diplomlar və medallar təqdim edilib.
|