|
|
"Neftçi" “İdman Azərbaycan”ı ittiham edir, telekanal isə klubu |
|
Tarix: 29.01.2012 | Saat: 21:20:00 | E-mail | Çapa göndər
|
|
Xəbər verdiyimiz kimi, yanvarın 28-dən fevralın 3-dək Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir. Azərbaycanı bu yarışda "Neftçi" PFK təmsil edir. Əvvəlcədən elan olunsa da flaqmanın “Metallist”lə qarşılaşması “İdman Azərbaycan” telekanalında yayımı baş tutmadı. Bu məsələ ilə bağlı olaraq, “Neftçi” futbol klubunun rəsmi saytında bildirilib ki, yayımın baş tutmamsında telekanal günahkardır:
- "Neftçi" PFK bu turnirin oyunlarının, xüsusilə də komandamızın iştirakı ilə keçiriləcək görüşlərin yayımlanmasının tərəfdarı olub və qarşılaşmaları yayımlayacaq kanala hərtərəfli kömək göstərəcəyini dəfələrlə bildirib. Amma çox təəssüf ki, bu işi öz üzərinə götürən "İdman Azərbaycan" kanalı buna qeyri-peşəkarcasına yanaşaraq, oyunların yayımlanması ilə bağlı təşkilati işləri həll edə bilməyib. Hətta turnir üçün nəzərdə tutulan xüsusi proqramda da oyunu yayımlayacaq kanallar arasında "İdman Azərbaycan"ın adı göstərilsə də, bu iş həllini tapmayıb. Bu səbəbdən "Neftçi" - "Metallist" matçı Azərbaycan ərazisində canlı yayımlanmayacaq.
"Neftçi" PFK bir daha bəyan edir ki, turnirdəki qarşılaşmaların canlı yayımlanması üçün hər bir telekanala yaxından kömək göstərməyə hazırdır və bizdən asılı olmayan səbəblərdən "Metallist"lə matçın canlı yayımlanmaması üçün bütün azarkeşlərə üzrxahlıq edir.
“İdman Azərbaycan” telekanalının yaydığı bəyanatda isə, klub ittiham edilir. Bəyanatda deyilir:
- Antalyada təşkil olunan Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun xatirəsinə həsr olunmuş futbol turniri “İdman Azərbaycan” kanalında yayımlanmalıydı. Bununla bağlı hətta yarışın təşkilatçıları ilə razılıq da əldə olunmuş, hətta telekanalın efirində anonslar da yerləşdirilmişdi. Ancaq son anda bizdən asılı olmayan səbəblərdən “Neftçi”-“Metallist” qarşılaşmasının yayımı baş tutmadı. Belə ki, yarışı təşkil edən “Enda Sports& Media” şirkətinin rəhberi Metin Dalman son anda bildirdi ki, “Neftçi”nin oyunlarına maraq olmadığına və klubun turnirdə zəif komandalardan biri olduğuna görə paytaxt təmsilçisinin heç bir oyunundan canlı yayım təşkil olunmayacaq. Beynəlxalq turnirdə teleyayımla bağlı çəkiliş hüququ olan bu şirkət “Neftçi”nin oyunundan peşəkar səviyyədə çəkiliş aparmayandan sonra “İdman Azərbaycan” kanalı da “Neftşi”-“Metallist” qarşılaşmasını yayımlaya bilmədi. Təbii ki, bu barədə “İdman Azərbaycan” telekanalı olaraq dərhal “Neftçi” klubunun rəhbərliyinə də məlumat verilmiş və onlar da “Neftçi”nin oyunlarının yayımlanmasa belə heç bir problemin olmayacağını qeyd etmişdilər. Ancaq görünür “Neftçi”də mətbuatla iş hələ də peşəkar səviyyədə qurulmayıb. Əgər belə olmasaydı klubun saytında heç bir məlumat almadan və səbəb olmadan “Neftçi”-“Metallist” görüşünün yayımlanmamasına görə “İdman Azərbaycan” telekanalı qeyri-peşəkar adlandırılmazdı. Bizi qeyri-peşəkar adlandıran bəzi üzdəniraqlar əvvəlcə özləri işlərində peşəkar olmalı hər hansı bir məlumatı dəqiqləşdirmədən özü də “Neftçi” kimi bir klubun saytında yerləşdirməməlidirlər. Çünki belə cılız bəyənatlar “Neftçi” kimi Azərbaycan futbolunun flaqmanı sayılan bir kluba doğrudan da yaraşmır. Bir daha bəyan edirik ki, “İdman Azərbaycan” kanalı olaraq indiyə qədər heç bir beynəlxalq və yerli yarışların yayımlanmasında hər hansı bir qüsura yol verməmiş, daim Azərbaycan futbolunun ən sadiq tərəfdaşı olmuş, istər milli komandamızın, istərsə də hər bir klubumuzun həm rəsmi, həm də yoldaşlıq oyunlarını Azərbaycan futbolsevərlərinə təqdim etməyə çalışmışıq. Və bundan sonra da bu iş prinsiplərimizə sadiq qalacağıq.
|
|
|
|
Xəbər 1103 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|