UEFA yeni reytinq siyahısını açıqlayıb.
Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəmizə növbəti xalları qazandırıblar.
Öz meydanında "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gələn "Qarabağ" 0,250, Yunanıstanda “Panatinaikos”la heç-heçə edən "Qəbələ" isə ölkəmizin hesabına 0,125 xal qazandırıb.
Beləliklə, Azərbaycan cari mövsüm qazandığı xalların sayını 3,125-yə yüksəldib. Bunların 1,125-i "Qəbələ"nin, 1-i "Qarabağ"ın, 0,750 "İnter"in və 0,250 xal isə "Neftçi"nin payına düşür. Hazırda hesabında 13,625 reytinq xalı olan Azərbaycan 26-cı pillədəki mövqeyini qoruyub.
Ölkəmizin növbəti hədəfi Norveçdir. Azərbaycan 25-ci pillədə qərarlaşan Norveçdən 2,625 xal geri qalır. Ölkəmiz ən yaxın izləyicisi Qazaxıstanı 0,500 xal qabaqlayır.
Qeyd edək ki, siyahıya yenə İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.
|