Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.
Avqustun 10-da qadınlar arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının final mərhələsi başa çatıb. Yarışda İran və Çin idmançıları digər ölkələrdən olan rəqiblərini üstələyərək mükafat qazanıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsində iştirak edən 8 idmançıdan 3-ü İranın qadın atıcısı olub. Yarışda İlahə Əhmədi (İran) 207,8 xalla birinci, Binbin Zanq (Çin) 207,4 xalla ikinci, Nəjmeh Hedmati (İran) 185,5 xalla üçüncü yeri tutub.
Sonda idmançılar mükafatlandırılıblar.
Qadınlar arasında kiçikçaplı tapançadan 25 metr, kişilər arasında isə tapançadan 50 metr məsafəyə atəşaçma yarışları davam edir. Bu yarışların qalibləri avqustun 11-də məlum olacaq. Tapança və tüfəngdən atəşaçma yarışlarında Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edirlər.
Qeyd edək ki, 3 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 8 idmançı gələn il Braziliyada təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
|