Bakı 2015 yeddi idman növü üzrə final mərhələlərinin biletlərinin satıldığını və səkkiz populyar idman növü üçün əlavə biletlərin satışa çıxarıldığını açıqlayıb.
Birinci Avropa Oyunlarında dünya miqyaslı yarışların başa çatmasına səkkiz gün müddət qalmaqdadır
və 3x3 basketbol, BMX, boks, suyatullanma, gimnastika, üzgüçülük və voleybol yarışlarının final mərhələlərinin biletləri satılıb.
Avropa Oyunları "idman bayramı" kimi qeyd edilir və 12 iyun tarixində baş tutmuş unudulmaz Açılış Mərasimindən sonra avropalı idmançılar dünya səhnəsində parlaq çıxışlar nümayiş etdirir və rekord sayda yerli azarkeşlər onları dəstəkləməkdə davam edirlər. Ötən bir neçə gün ərzində iyirmi idman növü üzrə hər gün orta hesabla 13000 bilet satılıb.
Şübhəsiz, 3x3 basketbol (təsnifat mərhələsi), çimərlik futbolu, suyatullanma (təsnifat mərhələsi), cüdo, sambo, üzgüçülük (təsnifat mərhələsi), voleybol (təsnifat mərhələsi) və su polosu yarışlarının müxtəlif mərhələləri üzrə əlavə biletlərin satışa çıxarılması yerli azarkeşlər üçün sevindirici xəbərdir.
Bakı 2015-in biletlərinə artan tələbat barədə danışan Gənclər və idman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov qeyd edib: “Azərbaycan xalqının Avropa Oyunlarına olan marağı inanılmazdır. İdman arenalarına toplaşan azarkeşlərin sayı və onların bütün idmançılara, xüsusi ilə Azərbaycan idmançılarına göstərdiyi dəstək bizi sevindirir.
“Avropa Oyunlarının ikinci həftəsinə daxil olduğumuz ərəfədə biz Bakıdakı arenalarda rekord sayda tamaşaçını qəbul etməyə hazırlaşırıq və hər kəsi bu tarixi idman tədbirinin bir hissəsi olmağa səsləyirik.”
Xoş xəbər ondan ibarətdir ki, hələ də biletlər var. Yarışları canlı izləmək istəyən hər kəs ödənişsiz şəkildə 2015 nömrəsinə zəng edə və Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzindən məlumat ala bilər.
Hər hansı idman yarışlarına qalan biletləri əldə etmək üçün www.baku2015.com veb-saytına daxil ola və ya Bakı şəhərində və idman arenalarındakı bilet kassalarına yaxınlaşa bilərsiniz.
|