İyunun 21-də Milli Gimnastika Arenasında bədii gimnastika yarışlarının final mərhələsi keçirilib. Yarışlarda 6 dəst medal uğrunda mübarizə aparılıb. Final mərhələsi halqa, top, gürz və lent olmaqla 4 fərdi çıxış, lentlər, habelə gürzlər və halqalar olmaqla 2 qrup çıxışından ibarət olub.
Lentlə fərdi çıxışlarda Azərbaycanı təmsil edən Marina Durunda gümüş medal qazanıb. Yarışın qalibi Rusiya gimnastı Yana Kudryavtseva olub. Bürünc medalı isə Salome Pazhava (Gürcüstan) qazanıb.
Halqa ilə fərdi çıxışlarda birinci yeri Marqarita Mamun (Rusiya), ikinci yeri Melitina Stanyuta (Belarus), üçüncü yeri isə Neta Rivkin (İsrail) tutub. Azərbaycan təmsilçisi Marina Durunda halqa ilə fərdi çıxışı 5-ci yer tutmaqla başa vurub.
Top ilə fərdi çıxışlarda Yana Kudryavtseva birinci yerə çıxıb. İkinci yeri Anna Rizatdinova (Ukrayna), üçüncü yeri isə Melitina Stanyuta tutub. Həmin gimnastlar gürzlərlə fərdi çıxışlarda da eyni yerləri tutublar.
Top ilə fərdi çıxış edən Azərbaycan gimnastı Marina Durunda 6-cı yerlə kifayətlənib.
Lent ilə qrup çıxışlarında Rusiya komandası qızıl medal qazanıb. İkinci yeri Ukrayna, üçüncü yeri İsrail tutub.
Gürzlər və halqalarla qrup çıxışlarında Belarus komandası birinci, İsrail yığması ikinci, Ukrayna kollektivi isə üçüncü olub.
Xatırladaq ki, Yana Kudryavtseva iyunun 19-da çoxnövçülük üzrə fərdi çıxışda qızıl medala, Melitina Stanyuta isə bürünc medala layiq görülmüşdü.
Marina Durunda bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionudur və bir neçə dəfə dünya kubokunda iştirak edib. O, 2014-cü ildə Türkiyənin İzmir şəhərində keçirilmiş dünya çempionatında inamla mübarizə aparıb. Bu il Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə 31-ci Avropa çempionatında bürünc medal qazanıb.
|