Yanvarın 17-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçiriləcək. Azərbaycanın “Baku Fires” klubu İtaliyanın “İtalia Thunder” komandası ilə qarşılaşacaq.
Komandaların heyətləri artıq məlumdur:
“Baku Fires” – “İtalia Thunder”
49 kq. Məhəmməd İbiyev – Patrik Barns
56 kq. Məhəmməd Qurbanov – Maykl Konlan
64 kq. Heybətulla Hacəliyev – Vinçenzo Mangiakapre
75 kq. Nikolay Veselov – Salvatore Kavallaro
91 kq. Əbdülqədir Abdullayev – Fabio Turçi
İtaliya klubunun heyətində iki irlandiyalı boksçu rinqə çıxacaq. İbiyevin rəqibi olacaq Barns Pekin və London Olimpiadalarının bürünc mükafatçısıdır. O, 2010-cu ildə Avropa çempionatının finalında həmyerlimiz Elvin Məmişzadəni məğlub edərək, qızıl medal qazanıb.
Qurbanovla qarşılaşacaq Konlan da Olimpiadada mükafat əldə edib. İrlandiya boksçusu London -2012-də bürünc mükafata sahib olub.
“İtalia Thunder”in daha bir tanınmış boksçusu Mangiakapredir. İtaliya seçmə komandasının üzvü London Olimpiadasında və 2011-ci ildə Bakıdakı dünya çempionatında bürünc medala layiq görülüb.
“Baku Fires” klubunda bütün boksçular isə WSB liqasında böyük təcrübəyə malikdirlər.
Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.
A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq.
Bu mövsüm 3 yeni komanda – Mərakeş, Venesuela və Puerto klubları WSB liqasına qoşulublar. Bundan başqa, Çin və Böyük Britaniya yenidən bu yarışda iştirak etməyə razılıq verib.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.
Xatırladaq ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.
|