Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən daha bir çoxgünlük yarışda mübarizə aparır. Belə ki, velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunan "Tour of Taihu Lake" yürüşündə çıxış edir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.
Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 135.4 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı - Maksim Averin, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Samir Cəbrayılov, Elçin Əsədov və Ənvər Asanov finiş xəttini liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar - 3 saat, 4 dəqiqə, 49 saniyə. 3 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 13-cü, Maksim Averin isə 18-cidir.
Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır - o liderə cəmi 15 saniyə uduzur. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdədir. Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 129.7 km məsafə qət etməlidirlər.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
|