İspaniya La Liqasının 5-ci turunda "Elçe" ilə görüşdə (5:1) poker edən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Portuqaliyalı futbolçu ardıcıl 13-cü ev matçında qol vurmaqla klub tarixinə düşüb.
Ronaldo bu göstərici ilə "Real"ın sabiq futbolçusu Pahinyonu geridə qoyub. Pahinyo 1949-1950 və 1950-1951 mövsümlərində ardıcıl 12 ev matçında fərqlənməyi bacarmışdı.
Bu mövsüm keçirdiyi 8 rəsmi oyunda 12 qol vuran Ronaldo "Elçe" ilə görüşdə "Real" forması ilə 25-ci het-trikini edib. 29 yaşlı futbolçu bu siyahıda 28 het-triklə ilk pillədə qərarlaşan "Real"ın əfsanəvi oyunçusu Alfredo di Stefanoya bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, Ronaldo "Real"ın heyətində keçirdiyi 254 rəsmi oyunda 264 qola imza atıb.