Xorvatiyada velosiped idmanının şosse növü üzrə gənclər arasında ənənəvi “Tour of İstria” yarışı keçirilib. 3 gün davam edən yarışda Azərbaycanı yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında 5 idmançı təmsil edib.
Yürüşün 114 km-dən ibarət ilk mərhələsində yığma komanda üzvlərimizdən ən yaxşı nəticəyə Elgün Əlizadə imza atıb – o məsafəni liderlər qrupunda 2 saat, 41 dəqiqə, 59 saniyəyə başa vurub və fotofinişə əsasən 16-cı olub.
Ikinci mərhələdə 90 km-lik dağ yollarında mübarizə aparan velosipedçilərimizdən yenidən Elgun Əlizadə fərqlənməyi bacarıb – o liderdən 23 saniyə geri qalmaqla 33-cü nəticə göstərib – 2 saat, 34 dəqiqə, 40 saniyə.
Və nəhayət, 112 km məsafəni əhatə edən son mərhələdə Elgün Əlizadə və Kənan Qəhrəmanlı finişi liderlər qrupunda bitiriblər – 2 saat, 47 dəqiqə, 2 saniyə. Fotofinişə əsasən Elgün 25-ci, Kənan 30-cu olub.
3 mərhələnin yekununa əsasən, idmançılarımız arasında ən yüksək nəticəyə Elgün Əlizadə imza atıb – o yarışın qalibindən 36 saniyə geri qalmaqla “Tour of Istria”nı 28-ci pillədə bitirib.
Qeyd edək ki, builki yarışda 25 ölkədən 150 velosipedçi mübarizə aparıb. Gənclər arasında təşkil edilən “İstria” turu yeni istedadların üzə çıxması baxımından mütəxəssislər tərəfindən önəmli turnir kimi dəyərləndirilir.
|