Azərbaycan kayak və kanoeçiləri Dünya Kubokunun III mərhələsində
Bu gün Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi start götürür. 47 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan da geniş heyətlə təmsil olunacaq.
Milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov mayın əvvəllərindən Polşada təlim-məşq toplantısında olan komandamızın 9 üzvünü sınaqdan çıxaracaq. Kanoeçilərin mübarizəsində dünya və Avropa çempionu Valentin Demyanenko ilə yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. Boqdan Kurudz və Adnan Əliyev isə eyni kateqoriyalı qayıqla 1000 metr məsafəni qət edəcəklər. 7 – 9 mayda Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kubokunun I mərhələsində 2 qızıl, 1 gümüş medal qazanmış Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) yenə 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılacaqlar.
Kayakçıların yarışında Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1), Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla (K-2) 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə qatılmış yeganə qadın kayakçımız Natalya Fiklisova zədə üzündən Duysburqda çıxış etməyəcək. Dünya Kubokunun III mərhələsinə mayın 29-da yekun vurulacaq.

Xəbər 1104 dəfə oxundu.