Daşkəsəndə açıq rayon birinciliyi keçirilib
6-8 iyun tarixlərdə Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin idman zalında Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib.

Daşkəsən, Gəncə, Şəmkir, Goranboy, Mingəçevir, Yevlax rayon və şəhərlərinin, 17 çəki dərəcəsi üzrə 151 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi Şəhid Çingiz Fərhad oğlu Bağırovun xatirəsini əbədiləşdirmək, yeniyetmə idmançılarda vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, bu idman növünün inkişaf etdirilməsi və idmanın kütləviliyinin təmin edilməsi olub.

Yekun nəticələrə görə, birinciyə Daşkəsən, ikinciyə Goranboy, üçüncü yerə Şəmkir rayonunun komandaları layiq görülüblər.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıblar.

Xəbər 759 dəfə oxundu.