Bu komanda məşqçisiz, başsız, sahibsiz qalıb
Dünya kuboku-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası qrupda təsəlli qələbəsini qazanmaq üçün ən real şansını da əldən verdi. Maraqlıdır ki, sanki heç nə olmayıbmış və ya elə belə də olmalıymış kimi, məğlubiyyətə bərabər heç-heçəyə də baş məşqçinin və komanda üzvlərinin, rəsmilərin münasibəti saymazyana oldu.
Danışmaq məcburiyyətində olanların isə hərəsi bir avaz çaldı. Biri oyundan narazı qaldığını, o biri belə nəticələrin mümkünlüyünü dilə gətirdi. Sanballı mütəxəssislərdən sayılan biri isə komandanın birinci hissədə yaxşı oynadığını söylədi. Elə bil, komanda qrup liderləri və iddialılardan biri ilə oynayırmış. Daha biri lap irəli gedərək, Rusiyanın aparıcı komandalarından birinə yeni ayaq qoyub, özünü as saymağa başladığından, azarkeşlərə «oyuna gəlməyin» ismarıcını göndərdi.

Əlbəttə, azarkeş komandasına dəstək olmalıdır, amma siz meydanda nə göstərdiniz, hansı ümidi verdiniz, can qoydunuz ki, azarkeş də sizi dəstəkləsin. Əfsus ki, oyun get-gedə daha kiçik arenalarda keçirilir. Yoxsa, bu boş qalmış tribunalar azarkeş oynamağı üstün tutanlar üçün lap toy-bayram olardı. Amma əmin olun ki, bu təqdirdə futbolçular azarkeş dəstəyinin olmamasından şikayətlənəcəkdilər. Görün, hansı məqam çatıb ki, futbolun ən çox sevildiyi və şəriksiz olduğu bir ölkədə, qələbə sevincinin mümkün olduğu matçlar da tamaşaçı dəstəyindən məhrum olur. Bunun bir səbəbi və bir izahı var: biganəlik, saymazyanalıq.

Amma günahsız günahkarı tapmaq mümkün oldu: sən demə, komandanın son uğursuzluğunun baiskarı elə azarkeşin özü imiş. Futbolçu isə günahkar ola bilməz. Çünki onun qapısı açıqdır. İstənilən halda, ildə bir komanda dəyişib, bir dəfə milli komandada çıxış etməklə o, işbazların sayəsində, istədiyi klubla, istədiyi əsaslarla müqaviləsini təmin etdirəcək. Bir az da çətinliyə düşsə, onu gündəmə gətirəcək vasitələr də tapılacaq. Elə tezliklə Dadaşovu da yerli klublardan birində sanballı müqavilə ilə görsəniz, heç təəccübləməyin. Ölkə xaricindən tapılan futbolçuların hər biri üçün bu əsas məsələdir, hər biri üçün Azərbaycan millisində oynamağın əsas məqsədi də budur – birdən karyerası alınmasa, Azərbaycana gəlib pulunu qazınsın.

Lüksemburqla oyunda bir xal əldə etdiyi üçün Foqtsun komandası sevinməlidir. Son dəqiqədə rəqib yüzfaizlik imkanından yararlansaydı, yəqin ki, Foqts daha çox coşub-daşardı. Onun komandadan narazı qalmasını heç anlamaq olmur. Sanki o da bir azarkeş, ya federasiya rəsmisi, ya bir mətbuat nümayəndəsidir - milli komanda ilə heç bir əlaqəsi, təması yoxdur; bu komandanı o qurmur, oyunçulara tapşırıq vermir, oyun taktikasını seçmir. Əslində, o düz deyir: Almaniyada qolf sahələrindən ayrılıb, hərdən Bakıya baş çəkib, bir-iki oyuna baxıb zövqünü, əhvalını korlamaqla, olan-qalan planlarını da yadırğayır və sonra ittiham edir?

Lüksemburqla oyunda onun meydana çıxardığı heyətlə, cinahlardan qurmaq niyyətində olduğu hücum planı ilə nəyəsə nail olmaq mümkün deyildi. Hücumda oynamaq istəyinə məşqçi meydanın ön xətdən əvvəl, yarımmüdafiədə qurucu sahəni möhkəmləndirməlidir. Onun hücum planında yeganə qolu da arxa plan oyunçusu vurur, öndəkilər isə heç nə ilə fərqlənmirsə, deməli, problem elə məşqçinin özündədir. Çünki bu matçda imkanlardan istifadə etməkdən o halda danışıla bilər ki, top rəqib meydançasından kənarda qalmasın.

Bu komanda isə məşqçisiz – məhəllədə uşaqlar necə top qovursa, elə də oynayırdı. Ona heç məşqçi də lazım deyildi.
Foqtsun isə yenə sıxlaşdırdığı arxa xətdə problemlər, səhvlər, çatışmazlıqlar o qədər idi ki, hansınısa xüsusi qeyd etmək də olmur. Heç buna ehtiyac da yoxdur. Oyunu o vaxt təhlil edərlər ki, meydanda ya oyun olsun, ya oyun görünsün, ya da, heç olmazsa, oyun görüntüsü yaradılsın. Artıq cəzasız, hesabatsız qalacağına əmin olan Foqts bu qoca yaşında dilinə-dişinə düşən sözləri sağa-sola işlədib, günlərini yola verir. O özünə müddət təyin edib və həmin vaxta qədər nəyisə ötüşdürməlidir. Vaxtı çatanda isə ondan heç kim hesabat tələb edə bilməyəcək də. Birincisi, deyərlər ki, gözün görmürdümü, vaxtında tələb edəydin. İkincisi, heç deməsə, saymazyana çıxıb getsə də olar. Çünki vaxtilə futbolçu kimi əldə etdiyi nailiyyətlər, sonra Bekkenbauerin qoyub getdikləri ilə çatdığı zirvə ona toxunmaq istəyənlərin özünü də gülünc vəziyyətdə qoyacaq.

Kim düşünüb-daşınacaq, federasiyadan kim nə tələb edəcək – hələ ki, bilinmir. İndi onlar üçün vəzifə bir-iki həftəni ötüşdürüb, vəziyyəti sabitləşdirməkdir. Sonra Foqts öz hoqqalarına davam edəcək, bir də avqustda gündəmə gələcək və bəlkə də bəxti gətirdi, daha doğrusu, bəxti niyə də gətirməsin - qarşıdakı təqvim əsl onun üçün qurulub. Uğurlar olsun, herr Foqts, Siz vəzifənizdə daha bir seçmə mərhələ boyunca qala biləcəksiniz. Hə , bir də ola bilər ki, payızda sizinlə müqavilə məsələsi bir daha gündəmə gətirilib müzakirəyə çıxarılsın. İndidən müxtəlif federasiya və klublarla əlaqə qurun ki, Sizə ehtiyac duyduqları barədə piarların mətnlərini hazırlasınlar.

Xəbər 1337 dəfə oxundu.