"Qəbələ"dən daha bir çempionluq
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan “Qəbələ” daha bir liqanı çempionluqla tamamlayıb.

U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən “qırmızı-qaralar” U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.

Bu gün U-16 Liqasında keçirilən “Rəvan” – “Qəbələ” matçından sonra əyalət təmsilçisi 2012-2013 mövsümünün qalibi adını qazanıb. “Qəbələ” bu adı keçirdiyi 22 oyundan sonra yiyələnib. “Rəvan”la matç 4:2 hesablı ilə başa çatıb. “Qəbələ”yə qələbə qazandıran qollara Roman Hüseynov və Ülvi İskəndərov imza atıb.

Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran “qırmızı-qaralar” 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan “Neftçi” üçün əlçatmaz olub. Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan “Qəbələ” çempionluğu təmin edib.

Qeyd edək ki, yekunlaşmayan U-15 Liqasında da “Qəbələ” çempionluq şansını saxlayır.

Xəbər 818 dəfə oxundu.