«Həmişə birinci olmağa cəhd edirəm»
Bakıdakı Qran-pri turnirindən sonra tatami sahibləri ilə birlikdə təlim-məşq keçən İran, Estoniya, Misir, Tacikistan, Türkiyə, Qazaxıstan cüdoçuları artıq hazırlığı başa vurublar. Amma Azərbaycan yığması Şağan Olimpiya İdman Kompleksində Gürcüstan və Çexiya cüdoçuları ilə birlikdə məşqlərini davam etdirir. Məqsəd mayın 28-30-da Moskvada keçiriləcək «Böyük dəbilqə» turnirində iştirak etməkdir. Bu turnirlər olimpiya oyunlarına reytinq xalını artırmaq baxımından yaxşı imkanlar verir.
Komandamızın yarışda aşağıdakı heyətlə çıxış edəcəyi gözlənilir: Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli və Elxan Rəcəbli (hər ikisi 81 kq) Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq).
Dopinqə qarşı mübarizə təşkilatının və Beynəlxalq Cüdo Federasiyasının qara siyahısından adı yenicə silinmiş dünya çempionatının bürünc mükafatçısı Nicat Şıxəlizadə hələ olimpiya yığmamızın heyətinə qatılmaq imkanını itirməyib. Dördillik fasilədən sonra ötən ay İstanbulda Avropa çempionatında, sonra isə Bakıda Qran-pri turnirində tatamiyə qayıdan cüdoçumuz hələ demək olmaz ki, tam döyüş formasını bərpa edib. Amma Nicatın məqsədə çatacağına inanmaq olar, başlıcası isə onun özünün buna inanmasıdır. Moskva turniri N.Şıxəlizadənin lisenziya yürüşlərinin nəticələrinin perspektivliyinə müəyyən aydınlıq gətirəcək.
Bakıdakı Qran-pri turnirini «Sərhədçi» idman-olimpiya mərkəzinin tamaşaçı tribunalarından seyr edən Elnur Məmmədlinin Moskvada «Lujniki»nin kiçik idman sarayında yerinin tatami və ya Bakıdakı kimi tamaşaçıların arasında olacağı hələ qəti məlum deyil. Ola bilsin ki, olimpiya və ikiqat Avropa çempionu Moskvada ancaq təlim-məşq toplanışlarında iştirak etsin. Turnirin startından sonra yenə də rəqibləri izləmək işini bu dəfə də kənardan aparsın. Özünün dediyi kimi, Elnur rəqiblərini gözdən qoymur, onların çıxışını diqqətlə izləyir. Bakıda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Almaniya cüdoçüsü, olimpiya çempionu Ole Bişof cüdoçumuz üçün ciddi rəqibdir. Baxmayaraq ki, İstanbulda Elnur alman cüdoçusu ilə tatamidə üz-üzə gəlməsə də fəxri kürsüdə qalib və bürünc mükafatçı kimi yanaşı dayanmışdılar.
Çıxışları E.Məmmədli tərəfindən maraq və strateji məqsədlərlə diqqətlə izlənən Leanordo Qulixeyro, ukraynalı Artyom Vasilenko köhnə tanışlardır. İkiqat dünya çempionu Cae Bum Kim və hollandiyalı Qiyom Elmonta gəldikdə isə cüdoçumuz onlarla hələ tatami üzərində qarşılaşmayıb. Amma o, istənilən anda və istənilən vəziyyətdə bu qarşılaşmaya hazırdır və ancaq qələbəyə iddialıdır. Bu gün isə E.Məmmədli üçün əsas hədəf Parisdə keçiriləcək dünya çempionatıdır.
Maraqlıdır ki, hadisələr yenə də Pekin olimpiadası ərəfəsindəki kimi cərəyan etməyə başlayıb. O vaxt da Elnur əvvəlcə qitə çempionatında birinci oldu, sonra dünya çempionatının finalına yüksəldi və nəhayət olimpiadanın fəxri kürsüsünün ən yüksək pilləsi… Bu dəfə də Elnur həmin yolun təkrarını arzu edir, amma bir qədər fərqli, yəni dünya çempionatında da birinci olmaqla: «Həmişə birinci olmağa cəhd edirəm», - deyir Elnur.

Ə.FƏRƏCOV

Xəbər 1336 dəfə oxundu.