«İnter» daha bir transferi rəsmiləşdirəcək
Vaqif Cavadovu heyətinə qatan «İnter» daha bir transferi rəsmiləşdirməyə hazırlaşır. Bank klubu Aleksandr İaşvilini heyətinə qatır.
Məlumata görə, gürcü forvardla danışıqlar yekunlaşmaq üzrədi. Onun yaxın günlərdə rəsmi müqaviləni imzalayacağı və «İnter»in düşərgəsinə yollanacağı deyilir.

Qeyd edək ki, 35 yaşlı forvard karyerasına 1993-cü ildə Tiflis «Dinamo»sunda başlayıb (1993-1997, 89 oyun, 84 qol). 1997-ci ildə Almaniyanın «Lübek» klubuna icarəyə verilən (15 oyun, 3 qol) İaşvili daha sonra «Frayburq»a transfer olunub (1997-2007, 255 oyun, 51 qol). Növbəti 5 ildə o, «Karlsruher»də (2007-2012, 141 oyun, 24 qol) çıxış edib. İaşvilinin son iş yeri «Bohum» olub. O, 2012/13 mövsümündə bu komandada 28 oyuna çıxsa da, fərqlənə bilməyib.

35 yaşlı forvard 1993-1997-ci illərdə Gürcüstanın U-17, U-19 və U-21 yığmalarının formasını geyinib. 1998-ci ildən etibarən isə əsas milliyə çağırılıb və forma geyindiyi 67 oyunda 15 qola imza atıb.

Xəbər 692 dəfə oxundu.