«Qəbələ»nin baş məşqçisi: Bizə indi nəticədən çox, təcrübə önəmlidir
«II Qəbələ kubokunda çıxışımızdan razıyam. Ötən mövsümlə müqayisədə, bu dəfə yaxşı futbol nümayiş etdirdik. 5 oyun keçirdik. Bunların yalnız birində uduzduq. O da «Barselona» komandasına». Bu açıqlamanı idman.com.az saytının əməkdaşına «Qəbələ»nin 15 yaşlılardan ibarət futbol komandasının baş məşqçisi Həlim Fıçıcı verdi.

Türkiyəli mütəxəssis bildirdi ki, uğur qazanmaq üçün illər lazımdır. Bunun üçün də, II Qəbələ kubokunda indi nəticədən çox, təcrübənin qazanması önəmlidir: «5 il bundan öncə buraya gələndə heç nə yox idi. İndi gözəl məşq meydanlarımız, perspektivli futbolçsularımız var. Klubunu prezidenti Tale Heydərov bizə hər şəraiti yaradıb. Zaman-zaman gözəl nəticələr də qazanacağıq».

Təcrübəli çalışdırıcı onu da əlavə etdi ki, futbolda hər şey olur. Bu gün «Bakı» klubu yarış ərzində 1 top vurması müqabilində 6-cı yer tutdu. «Qəbələ» ondan bir pilə aşağıda qərarlaşsa da, qazandığı nəticələr və göstərdiyi futbol baxımından üstün oldu. Sitat:

«Xatırlayırsınızsa, ötən il demişdim ki, azəri futbolçularda psixoloji problem var. Ölkə xaricində keçirilmiş turnirlərdə iştirak etməklə, orada qələbələr qazanmaqla, bunu aradan qaldırmışıq. İnkişaf əldə etmək üçün güclü komandalarla oynayaraq təcrübə toplamaq lazımdır. Zarafat deyil, bu dəfəki yarışda «Barselona» komandası iştirak edir. «Barselona» hər dəvət edilən təklifi qəbul etmir. Yenə klubumuz rəhbərliyi sağ olsun, bu turnirin adına böyük şərəf verdilər. Gələn rəqabətdə İngiltərə və İtaliya komandalarını da Qəbələdə görsəm, məmnun olaram».

Kamran HACI, Qəbələ


Xəbər 822 dəfə oxundu.