Bu monumental, amma qeyri-mental və total Hendrik Yoxannes Kroyf
Aqşin KAZIMZADƏ,
Əməkdar jurnalist, Həsən bəy Zərdabi adına, "Qızıl qələm", "İnam" milli mükafatlarının laureatı


Anadan olanda onu kilsə kitabında əməli saleh protestantların oğlu kimi qeydiyyata alıblar, mülki mərasimlərin qeydiyyat aktlarına isə adı Hendrik Yoxannes Kroyf (Niderland dilində Kreyff) kimi düşüb. Amma o dövrdə hələ sovet adamları olan bizlər arasında uzun müddət, demək olar ki, öz adı ilə deyil, başqa adla - Yoxan Kruiff kimi məşhur idi. Niyəsini siz öz doğma rus dilində savadsız, adsız-sansız kəslərdən soruşun.
Dünya şöhrətli pianoçu Ven Klaybernin adını ağılsızlıqla, daha doğrusu, Kremlin kəmsavad lideri Nikita Xruşşovun istəyinə uyğun olaraq dəyişib, Van Klibern edənlər də belələri olub: guya rus dilinə belə daha yatımlıdır. Bu sualı onların sələflərinə, əbədiyaşar "Romeo və Cülyetta"nın müəllifi Uilyamı Vilyama çevirənlərə versəniz, daha yaxşı olar. Onlar da belə hesab edirdilər ki, ruslara belə daha rahatdır. Eləcə də Konandoyl Şerlok Holmsun təmənnasız köməkçisi Uotson da həmin tam əsassız səbəbdən Vatsona çevrilib və elə o vaxtdan da beləcə qalıb (elə dünən bizim uşaqlar əfsanəvi xəfiyyənin qeyri-adi, ürəkqoparıcı macəralarını oxuyurdular və orada da elə Şerlok Holmsun sədaqətli silahdaşının eyni sayda da "düzəlişi" idi ). Bilirsinizmi belə çevirmələr təcrübədə necə görünür? Onda mən sizə həmkarım, o vaxt hərbi qəzet "Krasnaya zvezda"nın idman hazırlığı şöbəsinin müxbiri, yüksək vəzifəli bir general qızı ilə evləndikdən sonra qısa bir müddətdə böyük leytenant rütbəsindən polkovnikə kimi yüksələn, "Sovetski sport" qəzetinin baş redaktoru vəzifəsinə irəli çəkilən, daha sonralar isə SSRİ İdman Komitəsinin sədr müavini olan Slava Qavrilin dediklərini söyləyim:
- Bizim futbol yığmamız İngiltərədə yoldaşlıq görüşü keçirirdi və oyunu şərh etmək üçün biz Nikolay Ozerovla redaksiyalarımız tərəfindən oraya ezam olunmuşduq. Yağışlı, ürəksıxıcı bir gün idi və mən mətbuat nümayəndələrinin külək tutan, yağış vuran lojasında islanmamaq üçün Ozerovdan şərhçi kabinəsinə daxil olmaq üçün icazə aldım. Darıxdırıcı bir oyun idi. Mən, meydanda baş verənlərdən daha çox, Kolya Ozerovun dediklərinə, sönük oyunu necə şərh etməsinə diqqət kəsilmişdim. Ümumiyyətlə deyim ki, sağ olsun, heç nədən konfet düzəldirdi, halbuki meydançadakı cəfəngiyyatı tamaşaçılar özləri də görürdülər. Amma birdən Ozerovun İngiltərə kapitanının adını bir qədər qeyri-adi tərzdə, qəliz, nahamar şəkildə tələffüz etməsi diqqətimi çəkdi. Həmin oyunçu isə çox məşhur olan Billi Rayt idi. Öz yığmasının heyətində 100-dən artıq oyun keçirmiş, dəfələrlə İngiltərə yığmasının və doğma klubu "Vulverhempton uondereres"in tərkibində ölkəmizdə olmuşdu.
Şərhçi kabinəsindəki mikrofon açıq olduqda, kənar söhbətlər aparmaq qadağandır və ümumiyyətlə kabinəyə başqa adam buraxdığına görə Kolyanın başı ağrıya bilərdi. Mən isə özümü saxlaya bilməyib sözümü bir kağız parçasına yazıb, ona ötürdüm: "Niyə Bill Raytın adını başqa cür çəkirsən?" O, cavabında barmağını protokola tərəf uzadıb başını tərpətdi, yəni ki, niyə başa düşmürsən?
Fasiləyə qədər bir təhər dözdüm, səbrim daha tükənmişdi, Ozerova bağırdım:
-Axı, bu Raytdır, Kolya! Başa düşürsən, Bili Rayt, aç gözlərini! Sən ki, onu çox yaxşı tanımalısan!
Ozerov isə mənə dedi:
- Başa düşməyinə düşürəm, Slava, amma burada - yenə də oyunun protokoluna işarə ilə - Rayt yazılmayıb, başqa cür yazılıb. Belə ki, məndə heç bir günah yoxdur.
Çarəsiz qalıb, protokola baxıram: orada ingilis qrammatikasının tələblərinə uyğun olaraq, necə lazımdır, elə də yazılıb-Write.
-Axı, bu Rayt kimi oxunmalıdır,- deyirəm Ozerova,- yəni sən, Kolya, bunu bilmirsən?
-Bilirəm, bilirəm, - deyə o özündə heç bir günah görmədən cavab verir. - Amma protokol protokoldur, sən də yaxşı bilirsən ki, nə sən, nə mən ondan kənara çıxa bilmərik.
Beləliklə, oyunun sonuna kimi Billi Rayt Rayt olmadı ki, olmadı. Nikolay Ozerov saat yarım ərzində efirdə yorulmadan Vrite, Vrite deyə-deyə durdu. Belə-belə işlər".
Amma təsəvvür edirəm ki, ryazanlı rus mujiki Xaritona, məsələn, Kanadada Xern desələr, ya da Tambov tərəflərdən olan Sidoru İsveçrədə Sidr çağırsalar, nələr baş verər. Ən azı, ağızları söyüşlə açılacaq və çox güman ki, ətraflarında qadınların, azyaşlı uşaqların olmasının da fərqinə varmayacaqlar.
Kroyfa gəldikdə isə, o susurdu və bəlkə hələ də susacaqdı, əgər jurnalistlər tez-tez ona vaxtından əvvəl Hollandiya yığmasını tərk etməsi, Pelenin şöhrəti kimi birmənalı olmayan şöhrətinə və Didi və Vava, Qarrinça və Zaqallo dövrünün Braziliya yığması kimi sürəkli və monumental olmayan imicinə münasibəti barədə zəhlətökən suallar verməsəydilər.
Bu, 1982-ci ildə,İspaniyadakı dünya çempionatının qızğın günlərindən birində olub. Təşkilat komitəsi və mətbuat mərkəzi oyunların, ekskursiyaların, görüşlərin, işgüzar söhbətlərin sıx cədvəlində, imkan tapıb, yığma komandaların veteranları ilə akkeriditə olunmuş jurnalistlər arasında oyun təşkil etmişdilər. Oyun Barselona ətrafındakı Adalon şəhərində xüsusi olaraq icarəyə götürülmüş stadionda keçirilirdi. Bir-birinin ardınca stadiona yaxınlaşan komfortlu avtobuslar sanki bir-biri ilə yarışırmış kimi, futbol kahkəşanının ulduzlarını - Eysebionu və Fakkettini, Çarlton və Benksi, Hento və Rivanı, Santosların hər ikisini - Nilton və Calmanı, eləcə də topun və ona xidmət edənlərin möcüzələrini təsvir etməkdə bənzərsiz qələm ustalarını gətirirdilər.
Üzərində çempionatın emblemi və mətbuat mərkəzinin leybli olan futbol köynəklərini geyinmiş insan kütləsi içərisindən, təbii ki, bu oyunda iştirak etmək hüququ hər yüz nəfərdən birinə veriləcəkdi; yerdə qalanlar isə tribunalarda oturanlar arasında rahat yer seçib, dərin təəssüf hissi ilə və öz həmkarlarının oyununu oradan izləmək məcburiyyətində idilər. Hətta veteran futbolçuların heyətdəki 11 vakansiya yerində (əvəzetməyə məhdudiyyət olmadığından, bundan iki-üç qat artıq adam ehtiyat skamyasında oturmuşdu), belə demək mümkünsə, anşlanq idi. Hətta məşhur Ferens Puşkaşa - 50-ci illərdə məğlubiyyət bilməyən, qüdrətli Macar yığmasının kapitanına meydandakılar arasında vakansiya tapılmadı.1956-cı ildə rus təcavüzü zamanı ölkədə olmadığına və yalnız futboldakı məharətinə görə sağ qalan, ruslara olan nifrətinə baxmayaraq, rus sözlərini unutmayan F.Puşkaş ovqatının təlxliyini süni təbəssüm altında gizlətməyə cəhd etdi: "Deyirlər ki, sənin qarnın qarpız kimi böyükdür, şişmandır. Qorxurlar ki, qarnım ürəyimi sıxar və o da buna dözməyib elə meydançadaca dayanar".

(Ardı var)

Xəbər 2605 dəfə oxundu.