İlk dəfə finalda «Şah oyun» baş tutacaq
Azərbaycan Kuboku tarixində ilk dəfə finalda «Şah oyun» baş tutacaq. «Neftçi» və «Xəzər Lənkəran» arasında oyunla 2012-2013 mövsümünə də yekun vurulacaq. Mövsümün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bu qarşılaşma rəqiblər arasında 28-ci dueldi. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar hələlik öndədi – 28:25.
Baş tutan 27 matçdan 25-i Azərbaycan çempionatında keçirilib.

Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010-2011 mövsümündə 1/4 finalda 2 dəfə üz-üzə gəlmişdi. Finalda isə azarkeşlər ilk dəfə «Böyük oyun» izləyəcək.

Həmin duel «Xəzər Lənkəran»ın xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn Lənkəran klubu evdəki bərabərliklə mərhələ adlamışdı. Kubokda «Neftçi»yə uduzmayan Lənkəran təmsilçisi tarixində 4-cü dəfə kuboku qazanmaqla rekorda şərik olmağa yaxındı. Bu göstəricidə rekord isə «Neftçi» ilə «Kəpəz»ə məxsusdu. Hər iki komanda 4 dəfə kuboku başı üzərinə qaldırıb.

Xəbər 885 dəfə oxundu.