Avarçəkənlərimiz bu dəfə Almaniyada fərqləndilər
Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi "Internationale DRV-Junioren-Regatta” turnirində çıxış ediblər. Yarışa 5 oğlan, 1 qız avarçəkənlə qatılan komandamız vətənə 1 qızıl, 1 bürünc medalla qayıdıb.

Qızıl medalı ölkəmizə 16 yaşlı Boris Yotov qazandırıb. 1 nəfərlik qayıqla 18 yaşadək akademik avarçəkənlərin mübarizəsinə qatılan Yotov bütün rəqiblərini arxada qoyub. O, finalda 2000 metr məsafəni 7 dəqiqə 53,26 saniyəyə qət edib. Avarçəkənimiz Almaniyanın 3, Avstriya və Sloveniyanın hərəyə 1 təmsilçisini geridə qoyub. Bürünc medala isə Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti layiq görülüb. 18 yaşlılar arasında 2 nəfərlik qoşa avarlı qayıqla (JM 2X A) çıxış edən azərbaycanlı cütlük 2000 metr məsafəni 7 dəqiqə 46,15 saniyəyə qət edib. 16 yaşadək qızların mübarizəsində 1 nəfərlik qayıqla (JM 1X B) çıxış edən Alyona Kaporeyko, eləcə də oğlanlar arasında 2 nəfərlik sükansız qayıqla (JM 2- A) mübarizə aparan Novruz Əliyev – Bayram Əliyev dueti mükafatçılar sırasına düşə bilməyib.

Akademik avarçəkənlərimiz Almaniyada məşqçilər Samir Məmmədov və Yuliana Stoyevanın rəhbərliyi altında yarışıblar. "Internationale DRV-Junioren-Regatta”da Almaniyanın 15 klubundan əlavə, Avstriya, Braziliya, Bolqarıstan, Xorvatiya, Çexiya, İspaniya, Fransa, Böyük Britaniya, İrlandiya, Hollandiya, Polşa, Sloveniya, Serbiya, İsveçrə də təmsil olunub.

Xəbər 1512 dəfə oxundu.