Azərbaycan kubokunun və Super kubokunun təqdimatı keçirilib
Bu gün Azərbaycan kuboku və Super kubokunun təqdimatı keçirilib. İdman.com.az saytı xəbər verir ki, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, bununla bağlı açıqlama verib:

“Fikrimcə, bu hamımız üçün sevindirici haldır. Azərbaycan kubokunun yeni dizaynı və Super kubokla bağlı təklif AFFA-nın prezidenti Rövnəq Abdullayevlə müzakirələrdə irəli sürüldü. Hər iki kubokda milli ornamentlərin istifadə olunması daha məqsədə uyğun sayıldı. Kubokların yeni formada hazırlanması qərara alındı. PFL tərəfindən hazırlanmış bir neçə nümünəni Rövnəq Abdullayevə təqdim etdik və seçilmiş yekun variantı Rusiyada sifariş etdik”.

Hər iki kubok Rusiyada hazırlanıb, 999 əyarlı qızıl suyuna çəkilib. Azərbaycan kuboku mərmər altlıq üzərində 8 güşəli ulduz və Odlar Yurdu Azərbaycanın rəmzi olan göy, qırmızı və yaşıl rəngli alov dilimləri formasındadır. Kubokun üzərində Azərbaycanın xəritəsi olan futbol topu var. Hümdürlüyü 50 sm, çəkisi 6,5 kq-dır.

Super kubok isə üstdən baxdıqda milli ornamentimiz olan buta formasındadır. Mərmər altlıq üzərində 8 güşəli ulduz, super kubokun üzərində isə PFL və AFFA-nın loqoları var. Hündürlüyü 45 sm, çəkisi 5,2 kq-dır.

Xəbər 1009 dəfə oxundu.