Peşəkar boksçular London olimpiadasında dəbilqə ilə döyüşəcəklər
- Bakı İdman Sarayında usta boksçular arasında keçirilən ən güclülərin seçmə yarışında hər çəki dərəcəsində 4 idmançı çıxış edir. Bu turnirdə WSB liqasında «Baku Fires» peşəkar klubunun heyətində iştirak etmiş yerli boksçular da güclərini sınayırlar. Yalnız 2 idmançı – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya uğrunda döyüşə hazırlaşdıqlarından, rinqə çıxmayıblar.

Bunları "İdman" qəzetinə Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev deyib. Onun bildirdiyinə görə, məşqçilər sözü gedən sınaqda özünü yaxşı tərəfdən göstərən rinq ustalarını milli komandaya cəlb edəcəklər:

- Ən güclülərin seçmə yarışında finala çıxacaq idmançılar yığma kollektivə dəvət olunacaqlar. Heyət formalaşandan sonra, komanda mayın 11-də Kislovodska yollanacaq. Orada boksçularımız Rusiya seçmə kollektivi ilə birgə 2-həftəlik ümumi-fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçəcəklər. Sonra komandamızın məşqləri Bakıda davam edəcək. İyunun 1-də boks yığmamız Avropa çempionatına hazırlıq məqsədi ilə Moskvaya gedəcək. Komandamız orada ayın 14-nə qədər qalacaq. Rusiya paytaxtından isə birbaşa yarışın keçiriləcəyi Ankaraya yollanacağıq.

Ağacan müəllim WSB liqası üzrə London olimpiadasına vəsiqə verəcək yarışa da aydınlıq gətirib. O deyib ki, "Dumanlı Albion"da təşkil olunacaq dördilliyin ən böyük idman bayramında boks növündə 282 idmançı mübarizə aparacaq. Bunlardan 5-i WSB liqasından olacaq. Maraqlısı odur ki, London olimpiadasına vəsiqə qazanmış peşəkar boksçular orada dəbilqə ilə döyüşəcəklər. Çünki olimpiadanın əsas prinsipi humanizm və ədalətli oyunlardır.

Sentyabrda Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək dünya çempionatına hazırlıqla da bağlı danışan təcrübəli mütəxəssis, təşkilat komitəsində işlərin qaydasında getdiyini deyib:
- Dünya çempionatı ilə əlaqədar 2 rinq alacağıq. 8 belə idman qurğusu isə Respublika Olimpiya Mərkəzində boksçuların məşq keçməsi üçün quraşdırılacaq. Yarışla bağlı proqnoz vermək çətindir. Ümid edirəm ki, dünya çempionatında qənaətbəxş nəticə qazanacağıq.

Yeri gəlmişkən, dünən Bakı İdman Sarayında "Ən güclü boksçuların seçmə yarışı"na yekun vurulub. 10 çəki dərəcəsində keçirilmiş döyüşlərdə qalib adını Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Sadiq Eynullayev (68 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayev (+91 kq) qazanıblar. Bu boksçular həlledici görüşdə müvafiq olaraq, Orxan Süleymanov, Tural Əhmədov, Şaban Şahpələngov, İmil İksanov, İsmət Eynullayev, Emil Məhərrəmov, Murad Ağamalıyev, Ramil Əliyev, Abdulqədir Abdullayev və Asim İsgəndərova qalib gəliblər.

KAMRAN

Xəbər 1184 dəfə oxundu.