Qələbələrimizin memarı

Mayın 10-da Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 88-ci doğum gününü qeyd edildi. Ölkəmiz 8-ci dəfə bu illəri onun özü olmadan səhifələyir. Amma hər dəfə, o, sanki bu gün də bizimlə qoşa addımlayırmış kimi, yoxluğunu hiss etdirmir.

Əslində, bu həqiqətdə də belədir. Çünki bu əbədi olmayan dünyada, kimliyindən asılı olmayaraq, hər bir insan öz əməli, gördüyü işlər, qazandığı ad-sanla iz qoyur; daha böyük xidmətlərini nəsillərə yadigar qoyan, dövrün-zamanın nəbzini tutan və böyük bir qövmün dünyadakı yerini təsdiqləyib, adının onun adı ilə yanaşı çəkilməsinə səbəb olanlar isə əbədiyyət qazanır. Heydər Əliyev məhz belə ucalıqda dayanan simalardandır. İllər ötür, amma elə bu əvəzolunmaz fəaliyyətinə görə, hər il Heydər Əliyev şəxsiyyətinin tam yeni səhifələri açılır. Elə bu səbəbdən də, onun yoxluğu hiss olunmur. O, "mən fəxr edirəm ki, azərbaycanlıyam" ifadəsinin sədaları ilə Azərbaycan tarixində yenilikçi iz qoyduğu üçün əbədidir. O, sadəcə və təkcə tarixin ən qarışıq dövrlərindən birində Azərbaycana başçılıq edibsə, bütün çətinliklərə siyasi iradəsinin gücü ilə sinə gərib, bu gün də bu ölkənin taleyində rol oynadığı üçün əbədiyyət qazanıbsa, artıq tarixdə öz şanlı yerini tutub.

Bu üzdən Heydər Əliyev haqqında danışmaq nə qədər asandırsa, qoyduğu irs bu vəzifəni bir o qədər çətinləşdirir. Axı, ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada onun adı ilə bağlı nəsə olmasın. İndi bunun hansı birindən söz açasan...

Əlbəttə, bu mənada bədən tərbiyəsi və idman da istisna deyil. Söz yox ki, bu gün həm əski, həm də yeni olimpiya, dünya, qitə çempionları, titul sahibləri nəslinin fəxrlə qeyd etdiyi 5 Mart bayramının tarixdəki məqamları və rolundan danışmaq yetər ki, onun bu sahəyə verdiyi önəm hiss olunsun. Tarix sübut etdi ki, idmançı da bir orduya bərabər iş görə bilər, ölkə idmanının nailiyyətləri ilə tanına, minbir idman yarışı meydanına çevrilməklə dünyada öz yerini tuta bilər: "İndi dünyada ölkəni, xalqı idman qədər başqa heç nə tanıda bilmir" sətirləri artıq hər şeyi bəyan edir.

1995-ci ildə, qeyd edilən həmin tarixdə bədən tərbiyəsi və idman ictimaiyyətinin aparıcı nümayəndələri ilə Bakı Əl Oyunları Sarayında (indiki Bakı İdman Sarayı) görüşdə onun səsləndirdiyi "Bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik" sözləri onun uzaq 1971-ci illə - Azərbaycana ilk dəfə rəhbərlik etməyə başladığı dövrlə necə səsləşirsə, "İdmana qayğını öz üzərimə götürürəm" sözləri ilə atdığı addımlar da dövrləri bir-birinə calayır. O illərdə onun idmançının dostuna çevrilməsi 80-ci illərin sonunda olimpiya çempionları, dünya və qitə çempionları nəslinin yetişməsinə səbəb olmuşdusa, bu illərdə də eyni proses davam etdi. O illərdə əsaslı, ən əsası, kütləvi bədən tərbiyəsi hərəkatına yol açan idman qurğuları inşa olunurdusa, indi də elədir.

Heydər Əliyev tarixin iki fərqli dövründə ənənələr məktəbi yaradıb, onu necə təsdiqləmişdisə və bütün bunları qanuna çevirmişdisə, bu gün Azərbaycan bədən tərbiyəçisi və idmançısı o yolla eləcə gedir. 1923-cü ildə sadə bir ailədə dünyaya göz açan Heydər Əliyev keçdiyi həyat yolu ilə insanlara beləcə nümunə olur.

Söz yox ki, təkrarlanan tarixlərdən çox danışmaq və söz açmaq olar. Bir işi görmək asandır, lakin ikinci dəfə buna bir daha cəhd göstərmək və uğur qazanmaq çətindir. Məgər idmançılarda da belə deyilmi? "Çempion olmaq asandır, lakin zirvədəki yeri qorumaq ikiqat ağırdır" sözlərini dəfələrlə eşitmişik. Çünki zirvəyə yüksələn dərhal diqqət çəkir. Bacarığı və potensialı ilə təhlükəli rəqibə çevrilir. Bu zaman onun ən yaxın silahdaşı özünə inamı, tükənməz fəaliyyəti və bir də, arxalandığı insanlar olur. Bu mənada, Heydər Əliyev zamanının qəhrəmanına çevrildi. O, unutqanlıq tarixinin, sadəcə, əsatir olduğunu, bunun əsla belə olmadığını, xalqının öz qəhrəmanını daim uca tutmaq istəyini işi, əməli və insanların buna verdiyi qiymətlə təsdiqlədi. Çətin günündə xalqına arxalanan, həmişəki kimi inandırıcı sözləri, əməlləri, yorulmaz fəlaiyyəti ilə ona güvənən lider tarixdə öz layiqli yerini tutdu.

1994-cü il iyulun 26-da verdiyi fərmanla Gənclər və İdman Nazirliyini yaradan, bununla bədən tərbiyəsi və idmana verdiyi önəmi, onun cəmiyyətdəki yerini təsbit edən lider tezliklə ən böyük inanc yeri olan xalqın aparıcı nümayəndələrinin daha bir qisminə - bədən tərbiyəsi və idman ictimaiyyətinə də sözünü dedi. Bu, xalqın sərvəti olan bədən tərbiyəsi və idmanın yeni status qazanması demək idi: elə həmin gündən idmanımızın aparıcı simaları dövlətin qayğısını əməli hiss etməyə başladılar. İdman ictimaiyyəti ənənələrin bərpa olunacağını, ötən günlərin qayıdacağını hiss etdi. Bir neçə idmançı, idman xadimi təltif olundu, ilin sonunda mükafatlandırıldı - yeniləşən ənənələrin təməli qoyuldu: bununla idmançı yetişən nəslə nümunəyə çevrildi, ölkədə günün ən mühüm problemlərinin həllində cəmiyyətdə böyük rol oynamağa başlamaqla yeni sosial status qazandı. İdman fondunun yaradılması və onun hesabına Prezident Fondundan vəsait köçürülməsi yeni eranın da başlanğıcı idi.

Cəmi iki il sonra böyük məktəbin davamına, daha parlaq gələcəyə inam yarandı. Çünki ölkə idmanının bu həlledici məqamında yeni, gənc və öz gücünə və biliyinə güvənən liderə ehtiyacını ictimaiyyətin səsinə hay verib Milli Olimpiya Komitəsinə başçılıq etməyə başlayan İlham Əliyevin müəyyən etdiyi əsas vəzifələr qısa müddətdə bəhrəsini verdi.

İdmançılarımızın beynəlxalq arenadakı uğurları və bununla da nüfuzu artmağa başladı. Sidney olimpiya oyunları bu başlanğıcın zəfər marşına çevrildi. İnam artdı, böyüdü, artıb-böyüdükcə tərəqqiyə yol açdı və o böyük şəxsiyyət elə həmin andan başlayaraq, idmanın və idmançının ən yaxın dostu olduğunu ildən-ilə sübut etməyə başladı. Hər zaman mənəvi dəstəyini onlardan əsirgəməyən ölkə başçısı, onların hər bir qayğısına da diqqətli oldu, sosial-məişət problemlərini həll etdi, peşə tələblərini ödədi; onların ictimai statusunu müəyyənləşdirdi.

Bu dövrdə Azərbaycanda bədən tərbiyəsi və idman vahid qüvvəyə çevrildi. Ölkədə böyük quruculuq erası başlandı. Beynəlxalq federasiyaların ilk müsəlman prezidenti Ənvər Çoudrinin şərəfinə keçirilən ənənəvi turnirlə başlayan və ən mötəbər yarışların məkanına çevrilən Azərbaycanın yarış təşkilatçılığındakı uğurlarının qaranquşu idi. Bunlar adi uğurlar deyildi.
Sidney olimpiya oyunlarından sonra istifadəyə verilən ilk olimpiya idman kompleksinin açılışına təşrif buyurmuş BOK-un gələcək prezidenti Jak Roqqun "məndən bu regionda idmanın inkişafını soruşduqda, böyük məmnuniyyətlə sizin ölkənizi nümunə göstərirəm" deməsi artıq ilk böyük qiymət idi və onun təsdiqini sonra dəfələrlə ən yüksək kürsülərdən eşitdik.
Sonrakı olimpiya oyunlarındakı nəticələr, ildən-ilə artan medal sayı, Azərbaycanın dünya və qitə çempionatlarının, qran-pri və kubok yarışlarının, olimpiya təsnifat turnirlərinin ev sahibinə çevrilməsi, mütləq ənənəyə çevrilmiş və ölkənin dörd bir yanında inşa olunan idman qurğularının hər birinin misalı qeyd etdiyimiz ənənələr məktəbinin, böyük irsin təntənəsidir.

Bu gün də ənənədən danışılırsa, irs qorunursa, demək, əməllər də və böyük başlanğıcın memarı da yaşayır.

Xəbər 7229 dəfə oxundu.