Pəhləvanlarımız “Naxçıvan Kuboku”nun qalibi oldular
Mayın 7-8-də Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında Naxçıvan Kuboku uğrunda Beynəlxalq turnir keçirilib.

Mayın 7-də turnirin təntənəli açılış mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan kuboku” uğrunda beynəlxalq güləş turnirinin başlaması münasibətilə turnir iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.

Püşkatmanın nəticələrinə görə Azərbaycan, Özbəkistan, Rusiya, Türkiyə və Belarus komandaları birinci qrupda, Naxçıvan, Qazaxıstan, İran, Ukrayna, Gürcüstan komandaları isə ikinci qrupda mübarizə aparıblar.

1-ci qrupda yer alan Azərbaycan yığma komandası bütün rəqiblərindən üstün olub. Təmsilçilərimiz Naxçıvan Olimpiya İdman Kompleksində Özbəkistan millisini 6:2, Belarus və Türkiyə güləşçilərini eyni hesabla (5:3) məğlub etmiş, Rusiya yığması ilə mübarizəni 4:4 hesabla başa vuraraq qrup birincisi olub. Digər qrupda isə Gürcüstan komandası Naxçıvan, Qazaxıstan, İran və Ukraynanı yığmalarını məğlub edərək ikinci qrupu qalib başa vurub.

Ayrıca komanda ilə beynəlxalq turnirə qoşulan Naxçıvan təmsilçiləri Qazaxstana və Gürcüstana 6:2, İrana 7:1 hesabı ilə uduzub və Ukrayna pəhləvanları ilə 4:4 hesabı ilə bərabər qalıb və qrupu 4-cü yerdə tamamlayıblar.
Turnirin qaydalarına əsasən qrupda ilk yeri tutan komandalar finalda, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda mübarizə aparıblar. Üçüncü yeri tutanlar 5-ci - 6-cı, dördüncü yeri tutanlar isə 7-ci və 8-ci yerlər uğrunda yarışıblar.
A qrupunda 4-cü yerin sahibi Rusiya, B qrupunda isə 4-cü yeri tutan Naxçıvan komandaları qarşılaşıb. Ümumi nəticə 4:4 hesabı ilə yekunlaşsa da, xalların sayı və keyfiyyətinə görə Naxçıvan komandası öz rəqibindən üstün olaraq turniri 7-ci yerdə başa vurub.

Finalda 1-ci qrupda bütün görüşləri qələbə ilə başa vuran Azərbaycan, 2-ci qrupun qalibi Gürcüstan yığması ilə qarşılaşıb. 6:2 hesabı ilə qələbə qazanan pəhləvanlarımız ilk dəfə keçirilən “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirin qalibi olublar. Gürcüstan yığması ikinci, Ukrayna üçüncü, Türkiyə yığması isə turniri dördüncü yerdə tamamlayıb. Özbəkistan beşinci, Qazaxıstan altıncı, Naxçıvan komandası yeddinci, Rusiya səkkizinci yeri tutub. Belarus və İran komandaları isə müvafiq olaraq sonuncu yerləri bölüşüblər.

Xəbər 1459 dəfə oxundu.