Dünya kubokunda 2 qızıl, 1 gümüş medal!
Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsinə yekun vurulub. Yarışda iştirak edən Azərbaycan yığması 2 qızıl, 1 gümüş medala sahib çıxıb. Bütün medalları ölkəmizə 2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti qazandırıb. Bu duet mayın 7-də olimpiya məsafəsi sayılan 1000 metr məsafəyə yürüşdə qızıl medal əldə etdikdən sonra, ertəsi gün 500 metr və 200 metr məsafələrə yürüşdə də mükafatçılar sırasına düşüb. Onlar 500 metr məsafəni 1 dəqiqə 47,504 saniyəyə qət edərək, daha bir qızıl medal qazanıblar. 200 metr məsafəyə yürüşdə isə Bezuqlıy – Prokopenko dueti 40,292 saniyə nəticə ilə gümüş medala yiyələnib. Azərbaycan təmsilçiləri qızıl medal qazanan litvalı cütlükdən 0,340 saniyə geri qalıb.

1 nəfərlik kanoe qayığı (C-1) ilə çıxış edən Valentin Demyanenko 200 metr və 500 metr, Andrey Kraytor isə 500 metr məsafəyə yürüşdə də mükafatçılar sırasına düşməyə yaxın olub. Lakin Demyanenko 2009-cu ildə Avropa və dünya çempionu olduğu 200 metr məsafəni bu dəfə 43,230 saniyə nəticə ilə 4-cü pillədə başa vurub. Bu məsafədə Kraytor 45,832 saniyə nəticə ilə 16-cı yeri tutub. 500 metr məsafəyə yürüşdə isə Demyanenko 2 dəqiqə 8,813 saniyə nəticə ilə 7-ci, Kraytor 2 dəqiqə 9,173 saniyə nəticə ilə 8-ci olub.

1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüş edən 2 kanoeçimizdən Adnan Əliyev seçmə mərhələdəcə mübarizəni dayandırıb. Boqdan Kurudz isə B finalında 4 dəqiqə 44,440 saniyə nəticə ilə 8-ci, ümumi hesabda isə 17-ci yeri tutub. Kurudz və Əliyev 5000 metr məsafəyə final yürüşündə də iştirak ediblər. Bu məsafəni Kurudz 25 dəqiqə 9,703 saniyə nəticə ilə 5-ci, Əliyev isə 26 dəqiqə 18,175 saniyə göstərici ilə 11-ci pillədə başa vurib.

Kayakçılarımıza gəldikdə, Azərbaycanı Dünya kubokları tarixində qadınların yarışında ilk dəfə təmsil edən Natalya Fiklisova 500 metr və 200 metr məsafələrə 1 nəfərlik qayıqla (K-1) seçmə mərhələ yürüşündə öz yarımqrupunda 8-ci yeri tutaraq, mübarizəni dayandırıb.

Kişilərin mübarizəsində Mirnazim Cavadov, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti Dünya Kubokuna ilk dəfə qatılıb. Cavadov 500 metr məsafəyə yürüşdə 2 dəqiqə 0,705 saniyə nəticə ilə 18-ci yeri tutub. 200 metr məsafəyə yürüşdə isə Cavadov seçmə mərhələdə 8-ci, yarımfinalda 9-cu olaraq, mübarizəni dayandırıb. 2 nəfərlik kayak qayığı (K-2) ilə 500 metr məsafəyə seçmə mərhələ yürüşündə isə Vəlizadə – Mustafayev dueti 1 dəqiqə 48,173 saniyə nəticə ilə 15-ci olub.

Xəbər 1312 dəfə oxundu.