Xüsusi Olimpiyaçılar xatirə turnirlərində iştirak ediblər
Xüsusi Olimpiya Komitəsi, Coca-Cola Şirkəti və “İnter” Peşəkar İdman Klubunun birgə əməkdaşlığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi olimpiyaçıların atletika və mini-futbol üzrə respublika yarışlarına yekun vurulub.

Atletika yarışlarında Bakı şəhərinin Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonlarının, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan regional proqramlarının 20-ə yaxın yardımçı, xüsusi məktəb və internatlarının, uşaq internat məktəblərinin təmsilçiləri mübarizə aparıblar.

Atletika Olimpiya Mərkəzində 50, 100, 200 metr məsafələrdə qaçış , uzunluğa və yerindən tullanma növləri üzrə keçirilən atletika yarışlarında 120-dən çox əqli imkanları məhdud uşaqlar güclərini sınayıblar. Yekun nəticələrə görə, ümumi komanda hesabında Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi, Şaqan 3 saylı ağıldan kəm uşaqlar üçün internat evi və Şəki Xüsusi Olimpiya Regional Filialının təmsilçiləri ilk üç yeri tutublar.

Atletika yarışlarından sonra mini-futbol turnirində Bakı-Abşeron, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay və Salyan pegional proqramlarının xüsusi, yardımçı məktəb və internatlarından 250-yə yaxın yeniyetmə gücünü sınayıb. Xüsusi olimpiyaçıların 4 qız, 13 oğlan, 4 UNİFİED (birləşmiş komandaların yarısı xüsusi qayğıya ehtiyacı olan əqli imkanları məhdud idmançılardan, yarısı isə məktəbyaşlı sağlam futbolçulardan ibarətdir) komandalarının mübarizə apardığı oyunları AFFA-nın milli dərəcəli hakimləri idarə ediblər.

Yekun nəticələrə görə, UNİFİED üzrə Türkan, Sabunçu və Xəzər rayonlarının təmsilçiləri qalib olublar. Qızlar arasında Xəzər, Lənkəran və Türkan rayonlarının komandaları fərqləniblər. Oğlanların 1-ci divizion yarışında Qaradağ, Göyçay, Xəzər, 2-ci divizion qrupunda Salyan, Şəki, Nəsimi rayonlarının futbolçuları üstünlük qazanıblar.

Xəbər 845 dəfə oxundu.