Gənclər və idman naziri Amerikanın “USA today” qəzetinə müsahibə verib

Gənclər və idman naziri Azad Rəhimov Amerikanın “USA today” qəzetinin müxbirləri ilə görüşüb.
Görüşün əsas məqsədi qəzetin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə hazırlayacağı məqalədə ölkədə aparılan gənclər və idman siyasəti haqqında məlumatların da geniş yer almasıdır.
İlk növbədə Azad Rəhimov gənclər və idman nazirliyinin yaranma tarixi, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının həyata keçirdiyi layihələr, “2011-2015 Azərbaycan Gəncliyi Dövlət Proqramı” üzərində gedən işlər, ölkədə təşkil olunan beynəlxalq tədbirlər, Olimpiya İdman Komplekslərinin fəaliyyəti və digər məqamlar barədə məlumat verib.
Müsahibə əsnasında idman sahəsi ilə bağlı Azərbaycan – Amerika ikitərəfli əməkdaşlığı barədə söz açan nazir, hər iki ölkənin idmançılarının bu ölkələrdə keçirilən beynəlxalq tədbirlərə qatılmaları ilə bərabər, eyni zamanda təcrübə mübadiləsinin mümkünlüyü haqda da danışıb. Nazir bildirib ki, Azərbaycanda çox güclü güləş məktəbi var. Amerika idmançıları bizim ölkəyə bu idman növü üzrə təcrübə keçməyə gələ bilərlər.
Daha sonra Azad Rəhimov dövlətin gənclər və idman siyasətindən danışaraq gənclərin məşğulluğunun, ev təminatının, təhsil, gənclər təşkilatlarının fəaliyyətinin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Xəbər 1513 dəfə oxundu.