Milli komandamız “İpək yolu”nda 15 medalla birinci oldu
Martın 9-dan 13-dək Bakı İdman Sarayında boks üzrə 4-cü beynəlxalq “İpək yolu” turniri keçirilib. Təntənəli açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bu beynəlxalq turnirin zəngin idman ənənələri ilə dünyada məşhur olan Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycanın olimpiya hərəkatında fəal iştirakı, idmançıların göstərdiyi yüksək nəticələr ölkəmizin idman sahəsində potensial imkanlarını nümayiş etdirməklə bərabər, həm də idmana dövlət qayğısının təzahürüdür. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasəti Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev layiqincə davam etdirir.
Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Ölkəmiz dünya idmanının inkişafına öz töhfələrini verməkdədir. Müxtəlif beynəlxalq yarışların, qitə və dünya çempionatlarının burada keçirilməsi artıq ənənəyə çevrilmişdir. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiya oyunlarında uğurla çıxış edirlər.
İsmayıl İsmayılov əmin olduğunu bildiribdi ki, boksçularımız bu turnirdə də yüksək nəticələr göstərəcəklər.
Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyev boksçulara uğurlar arzulayıb. Bildirib ki, indi ölkəmiz təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm idman yarışlarının təşkilindəki nailiyyətləri ilə məşhurdur. Bir sıra beynəlxalq idman qurumları dünya səviyyəli yarışların ölkəmizdə keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Bu onu göstərir ki, onlar Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər. Mötəbər yarışlardan sayılan boks üzrə kişilər arasında dünya çempionatı bu ilin sentyabrında ölkəmizdə təşkil olunacaq.
Azərbaycanda boksun zəngin ənənələri olduğunu xatırladan birinci vitse-prezident deyıb ki, boksçularımız dünya miqyaslı yarışlarda ölkəmizi həmişə ləyaqətlə təmsil ediblər.
Rəsmi açılış mərasimindən sonra Azərbaycanın Dövlət himni səsləndirilib, uşaq rəqs ansamblının qədim İpək yolu üzərində yerləşən xalqların mədəniyyətini əks etdirən nümunəvi çıxışları olub.
Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.
Yarışlara gəlincə, dörd gün davam edən turnirdə, Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, İran, Tacikistan və Özbəkistan boksçuları mübarizə aparıblar. Yarışda Azərbaycan 20 idmançı ilə təmsil olunub. Ümumilikdə, turnirdə 100-dən çox boksçu iştirak edib.
On çəki dərəcəsi üzrə keçirilən turnirə martın 13-də təşkil edilən final döyüşləri ilə yekun vurulub.
Gərgin mübarizə nəticəsində Azərbaycan millisinin üzvüləri 3 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıblar.
Fəxri kürsünün yüksək pilləsinə Tural Əhmədov (52 kq), Anar Cəfərov (64 kq) və 81 kq çəki dərəcəsində mübarizə aparmış Vətən Hüseynli qalxıblar. Gümüş medalları Elvin Məmişzadə (49 kq), Ramal Yusifzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq) və Teymur Əhmədov (91 kq) qazanıblar. Kamran Məlikov, Salman Əlizadə (hər ikisi – 49 kq), Ruslan Qasımov (60 kq), Coşqun Əliyev (64 kq), Sadiq Eynullayev (69 kq) və Elçin İsmayilov (+91 kq) “bürüncü” əldə ediblər.
Ümumi komanda hesabında15 medal qazanan Azərbaycan millisi birinci yeri tutub. Qazaxıstan millisi ikinci, Rusiya komandası isə üçüncü olublar.


Xəbər 2051 dəfə oxundu.