Marneulidə şahmat üzrə açıq kubok yarışı keçirilib
Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində 7-11 və 12-16 yaş qrupundan olan məktəblilər arasında şahmat üzrə açıq kubok yarışları keçirilmişdir. Yarışda 50-dək məktəbli öz gücünü sınamışdır.
Gürcüstan Şahmat Federasiyası ilə Marneuli Şahmat Klubunun birgə təşkil etdiyi turniri şahmat üzrə 5 dəfə dünya çempionu Nona Qaprindaşvili, Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze müşahidə etmişlər.
Tədbirin açılışında Gürcüstan parlamentinin azərbaycanlı deputatları, reinteqrasiya məsələləri üzrə Gürcüstan Dövlət Nazirliyinin məsul əməkdaşları və digər rəsmi şəxslər iştirak etmişlər.
Hər iki yaş dərəcəsində qaliblərə diplomlar və qiyməti hədiyyələr təqdim olunmuşdur. Turnirdə 7-11 yaşlı şahmatçılar arasında 1-ci yeri Fərid Mustafayev, 2-ci yeri Mənsum Məmmədov, 3-cü yeri Zəkəriyyə Məmmədov, 12-16 yaşlı idmançıların mübarizəsində 1-ci yeri Ruslan Mustafayev, 2-ci yeri Ramin Hüryənov, 3-cü yeri isə Orxan Bediyev tutmuşlar.
Sonra beynəlxalq qrossmeyster Nona Qaprindaşvili finalçılarla birdəfəlik seans keçirmişdir.
Nona Qaprindaşvili :“Belə yarışlar məktəblilər üçün unudulmaz xatirəyə çevrilir, onların şahmata marağını daha da artırır və idmanın inkişafına təkan verir. Bu gün Marneulidə yaxşı bir ənənənin təməli qoyulmuşdur. İnanıram ki, bundan sonra belə yarışlara daha çox istedadlı gənc cəlb olunacaqdır.”
N.Qaprindaşvili Gürcüstanda şahmatın inkişafına verdiyi dəstəyə görə SOCAR-a minnətdarlıq etmişdir.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze bu tədbirin təşkilinin federasiyanın Marneuli Şahmat Klubu ilə əməkdaşlığının bariz nümunəsi olduğunu vurğulamışdır. O, şahmat klubunda idmançıların inkişaf etmələri üçün hər cür şəraitin olduğunu qeyd etmiş və Marneulidən daha istedadlı idmançıların yetişəcəyinə əminliyini ifadə etmişdir.
G.Georqadze demişdir ki, Gürcüstanda bu cür şahmat klubları çox deyildir, Tbilisi yaxınlığında, Marneuli şəhərində belə bir klubun mövcudluğu təqdirəlayiqdir. Marneulidə beynəlxalq turnirlər də keçirmək mümkündür.
Reinteqrasiya məsələləri üzrə Gürcüstan Dövlət Nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev son vaxtlar azərbaycanlıların yığcam yaşadıqları bölgədə bu cür tədbirlərin təşkilinə verilən diqqəti yüksək qiymətləndirmiş, məktəblilərin zehni qabiliyyətlərinin nümayiş etdirilməsi, ümumiyyətlə bölgədə idmanın inkişafı istiqamətində müxtəlif layihələrin hazırlandığını bildirmişdir.


AzərTAc

Xəbər 631 dəfə oxundu.